“Zəfər Günü gələcək nəsillər üçün qürur mənbəyidir” - ŞƏRH OLUNDU

“Zəfər Günü Azərbaycanın müasir tarixində xalqın iradəsini, milli birliyini və dövlətin gücünü təcəssüm etdirən ən önəmli simvola çevrilib. Otuz ilə yaxın davam edən işğal dövrü Azərbaycan xalqının milli yaddaşında dərin izlər buraxsa da, bu müddət ərzində dövlətin məqsədyönlü və prinsipial siyasəti gələcək Qələbənin əsasını qoydu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Politoloq bildirib ki, güclü ordu quruculuğu, iqtisadi müstəqilliyin təmin edilməsi və beynəlxalq müstəvidə ölkənin nüfuzunun artırılması bu uğurun təməl daşları oldu: “2020-ci ilin payızında başlayan Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin birliyinin, liderlik və peşəkarlığın ən parlaq nümunəsinə çevrildi.

Cəmi 44 gün ərzində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqları işğaldan azad etdi və tarixi ədaləti bərpa etdi. Bu qələbə təkcə hərbi gücün deyil, həm də milli iradənin, birliyin və ədalətə inamın təntənəsi idi. Müharibədən sonra başlanan bərpa və quruculuq mərhələsi Azərbaycanın gələcəyə baxışını müəyyənləşdirdi. Azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” prosesi, infrastrukturun bərpası, sosial rifah və məşğulluq proqramları dövlətin xalqa olan diqqət və qayğısını nümayiş etdirir. Zəfər Günü həm də milli kimliyin möhkəmlənməsi, dövlətçilik ənənələrinin daha da güclənməsi və gələcək nəsillər üçün qürur mənbəyidir. Bu Qələbə ilə Azərbaycan yalnız öz torpaqlarını deyil, həm də tarixi ədaləti, milli birliyini və ləyaqətini bərpa etmiş oldu”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə