“Mütəxəssislər bildirir ki, ətin keyfiyyəti yalnız laborator müayinə ilə dəqiqləşir” -EKSPERT DANIŞDI
“Gündəlik qida rasionumuzda ən çox istifadə etdiyimiz məhsullardan biri toyuq ətidir. Düzgün seçilmədikdə, emal olunmadıqda ciddi sağlamlıq riskləri yarada bilər. Mətbəxdə toyuq ətini doğrayarkən bəzən əzələ toxumasında qeyri-adi bərkimələr, şişvari düyünlər, ya rəng dəyişiklikləri ilə qarşılaşırıq”.
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, bu görüntülər sadə bir zədənin nəticəsi ola biləcəyi kimi, ciddi infeksion xəstəliklərin də göstəricisi ola bilər:
“Bəzən isə bu görüntü hər zaman xəstəlik demək deyil. Çox vaxt səbəb kəsim və daşınma zamanı yaranan travmalar, yəni göyərmə, ya qan laxtası olur. Bəzi hallarda isə quşa vurulan vaksin və dərmanların inyeksiya yerində toxumanın bərkiməsi nəticəsində lokal düyün əmələ gələ bilər. Digər bir qrup səbəb iltihabi proseslərdir. Toxumada irinli ocaq, ya xroniki iltihab düyünləri görünə bilər. Ətin daha bərk, lifli, düyünlü hiss edilməsi də rast gəlinən vəziyyətdir. Bu adətən infeksiyadan çox broylerlərin sürətli böyüməsi ilə bağlı əzələ strukturunda dəyişikliklərlə əlaqələndirilir.
Ev şəraitində bu cür törəmənin dəqiq səbəbini təkcə gözlə ayırd etmək çətindir. Eyni görünüş müxtəlif mənşəli ola bilər. Qəti diaqnoz üçün baytarlıq baxışı, laborator müayinə tələb oluna bilər. Ona görə istehlakçı üçün praktik yanaşma görünüş, qoxu, yayılma meyarlarına söykənir.
Bizim üçün əsas təhlükə ətin mikroorqanizmlə çirklənmiş ola bilməsidir. Xüsusilə şiş irinlidirsə, pis qoxu verirsə, rəng boz-yaşıl tonlara dəyişibsə və ya eyni problem ətin bir neçə yerində görünürsə, bu ətin gigiyenik baxımdan etibarlı olmama ehtimalı artır.
Əti yaxşı bişirmək bir çox mikroorqanizmi öldürür. Amma doğrayarkən bıçaq, doğrama taxtası və əllər vasitəsilə mikroblar digər qidalara keçə bilər. Real risk çox vaxt elə bu mətbəxdə yayılma hissəsidir.
Tək bir sahədə məhdud göyərmə, qan laxtası, ya inyeksiya yerinə bənzər lokal bərkimələr bəzən daha çox texnoloji, ya travmatik səbəblərlə izah oluna bilər. Bununla yanaşı istehlakçı olaraq şübhə hiss ediriksə, ən düzgün yanaşma məhsulu risk tərəzisində qiymətləndirməkdir. Ətin görünüşü, qoxusu və toxuması normal təəssürat yaratmırsa, onu istehlak etməmək daha məntiqlidir. Şikayət və geri qaytarma imkanı üçün qablaşdırmanı, etiket məlumatlarını və satınalma çekini saxlamaq da faydalı olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB