Azərbaycanda I rübdə pensiyalara 2 milyard manata yaxın vəsait xərclənib

Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11 % (187 milyon manat) çox olmaqla 1 milyard 955 milyon manat vəsait yönəldilib.

SİA bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Cari ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.

Yanvar-mart ayları ərzində 11 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 190 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə