Neft gəlirlərinin artması qiymət artımının qarşısını alacaqmı? - EKSPERT DANIŞDI

"Növbəti ilin büdcə proqnozu hazırlanarkən neft qiymətləri, xüsusilə də aşağı və yuxarı həddi, həmçinin risk və gəlirlilik təxmin edilir".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, hazırkı qiymətlər proqnoz rəqəmlərindən yuxarıdır: "Neft qiymətlərinin hazırda yüksəlməsi isə məlum səbəblərlə bağlıdır. Təbii ki, siyasi səbəblərlə əlaqədar olduğu üçün demək olmaz ki, orta və uzun müddətdə həmin rəqəmlər qalacaq və ya daha da artacaq.

Azərbaycan iqtisadiyyatını nələrin gözlədiyini və ya necə olacağını demək üçün neftin qiymətinin ən azı ilin sonunadək artması vacibdir.

Əgər ilin sonuna qədər artacağını fərz etsək, demək olar ki, sosial və iqtisadi xərclərə, həmçinin qeyri-neft sektorunun inkişafına daha çox vəsait ayrılacaq.

Bəzən vətəndaşlar tərəfindən yanlış anlaşılmalar olur. Məsələn, belə düşünülür ki, vergi və dövlət rüsumları stabil qalacaq və ya neftdən gələn gəlirlər artdığı üçün benzinin və kommunal xidmətlərin qiyməti artmayacaq.

Bu məsələyə də aydınlıq gətirmək lazımdır ki, belə deyil. Neftdən gələn gəlirlər sadəcə vətəndaşın üzərinə düşən yükü azalda bilər. Məsələn, hansısa quruma 500 milyon vəsait ayrılmışdısa, 600 milyon ayrılacaq. Yəni vətəndaşın üzərinə düşən artım məbləğinin faizi azalır.

Digər bir məsələ yeni iş yerlərinin açılması və Qarabağ iqtisadi zonasında restavrasiya işləri ilə bağlıdır. Təbii ki, dövlət büdcəsinin artması qeyd olunan sahələrə də müsbət təsir göstərəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə