Bazardan geyim və əşya alarkən qəbz niyə verilmir? - EKSPERT DANIŞDI

“Bazarlarda geyim və əşya alarkən – xüsusilə də siz yəqin bəzi ticarət mərkəzlərini nəzərdə tutursunuz – qəbzin (qaimənin) verilməməsi bilavasitə qanunvericiliyin pozulmasıdır. Bu, vergi öhdəliklərindən yayınma halı kimi qiymətləndirilir. Belə hallarda inzibati xəta baş verir və həmin satıcı cərimə olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial Araşdırmalara yardım İB sədri, iqtisadçı tədqiqaçı Eyyub Kərimli deyib.

Eyyub Kərimli sözlərinə belə davam edib: “Hər bir alıcının istənilən alış zamanı qəbz tələb etmək hüququ var. Bu, onun qanuni haqqıdır. Əgər alıcı bu cür hallarla qarşılaşarsa – yəni qəbz verilmirsə – aidiyyəti qurumlara, xüsusilə də Vergilər Xidmətinə məlumat verə bilər.

Vergidən yayınma halları, xüsusilə də iri ticarət mərkəzlərində və onların ətrafında fəaliyyət göstərən satıcılar arasında daha çox müşahidə olunur. Bəzi hallarda iri ticarət mərkəzləri vergi orqanları ilə müəyyən razılaşmalar əldə edərək, ərazidə fəaliyyət göstərən satıcılardan ümumi şəkildə vergi yığmağa çalışırlar. Lakin bu da tam şəffaf və ədalətli üsul sayılmır. Hesab edirəm ki, hər bir sahibkar (satıcı) öz fəaliyyəti üzrə müstəqil şəkildə vergi ödəməli və satış zamanı mütləq şəkildə rəsmi qəbz təqdim etməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə