SOCAR-ın “yaşıl” təyinatlı istiqrazlarının ilk faiz ödənişi edilib

Bu gün SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).

SİA xəbər verir ki, “SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilib ki, 1-ci faiz ödənişi nəticəsində 3 milyon dollar məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.

Ölkəmizin yaşıl enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən 2025-ci ilin 15 yanvar tarixində satışa buraxılmış “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.

7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl” istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 13,8 milyon dolları məbləğində 330-dan çox əqd bağlanıb.

SOCAR-ın tədavüldə olan istiqrazları cari il ərzində BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 66,5 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə