"Fermerlərin bazarlara birbaşa çıxışı asanlaşdırılmalıdır" - İQTİSADÇI AÇIQLADI
“Bakı şəhərində kənd təsərrüfatı məhsullarının bahalaşmasının bir neçə əsas səbəbi var”. Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial Araşdırmalara yardım İB sədri, iqtisadçı tədqiqaçı Eyyub Kərimli deyib.
Eyyub Kərimli sözlərinə belə davam edib: “İlk növbədə, bölgələrdən gətirilən məhsullar - xüsusilə də meyvə-tərəvəz və digər tez xarab olan məhsullar - bir neçə vasitəçinin əlindən keçir. Hər vasitəçi öz qazancını məhsulun üzərinə əlavə etdiyindən, bu, qiymətin artmasına birbaşa təsir edir.
Bundan əlavə, nəqliyyat xərcləri, bazar icarə haqları və bəzən də yol boyu baş verən itkilər məhsulun maya dəyərini artırır. Məsələn, bəzi hallarda məhsullar Bakıya çatana qədər xarab olur və bu itki də son qiymətə təsir göstərir.
Nəticə etibarilə, fermerlərdən alınan məhsulların şəhər bazarlarında satış qiyməti kəskin şəkildə artır və bu da istehlakçılar üçün bahaçılıq yaradır. Bu problemin qarşısını almaq üçün aşağıdakı tədbirlər vacib hesab olunur:
1. Bakıda meyvə-tərəvəz bazarlarının sayı artırılmalıdır. Bu, həm rəqabət mühitini gücləndirər, həm də qiymətlərin süni şəkildə şişirdilməsinin qarşısını alar.
2. Fermerlərin bazarlara birbaşa çıxışı asanlaşdırılmalıdır. Onların məhsullarını aradan vasitəçilər çıxmadan satması üçün şərait yaradılmalıdır.
3. Şəbəkə marketlərdə fermerlərə satış imkanları tanıdılmalıdır. Bəzi hallarda bu marketlərdə məhsullar daha ucuz başa gəlir. Lakin həmin marketlər özləri məhsulu fermerdən alsalar belə, bəzi hallarda qiymət fərqi yaranır və məhsul bazarla müqayisədə daha baha satılır. Bu isə əlavə suallar doğurur. Bu səbəbdən qiymət artımının qarşısını almaq üçün həm təchizat zənciri sadələşdirilməli, həm də rəqabət imkanları genişləndirilməlidir. Sadə dillə desək, fermerin məhsulu birbaşa istehlakçıya çatmalı və bu prosesdə şəffaflıq təmin olunmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə