Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İyunun 7-8-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Yarmarkada 20-yə yaxın regiondan iştirak edəcək 50-yə yaxın fermer 150-yə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər.

Yarmarka 2 gün müddətində saat 9-dan 19-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə