“Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır” - EKSPERT AÇIQLADI

“Son illər ərzində Azərbaycanda, xüsusilə də regionlarda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Yüksək keyfiyyətli yolların çəkilməsi və ümumiyyətlə avtomobil yollarının yenilənməsi prosesi sürətlə davam edir. Artıq 2015-ci ildən başlayaraq bu tendensiya daha da geniş vüsət almışdır. Hətta şəhərlərin daxilində belə yollar yüksək standartlara uyğun şəkildə asfaltlanır”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Bu, yol infrastrukturunun yaxşılaşdırılması baxımından təqdirəlayiq və davam etməli olan bir meyildir. 2003-cü ildə prezident seçkiləri zamanı mən dairə seçki komissiyasının üzvü kimi Beyləqan rayonunda fəaliyyət göstərirdim. O zaman xarici müşahidəçilər kəndlərə gedərkən bu ərazilərdə müharibə getdiyini düşünürdülər. Çünki yollar o qədər bərbad vəziyyətdə idi ki, onların fikrincə, ancaq tanklar bu yollarda hərəkət edə bilərdi. Açığını desək, mən də utandığımdan bu təəssüratı təsdiqləyirdim. Əslində isə həmin kəndlərdə heç vaxt döyüş getməmişdi, sadəcə yol infrastrukturu hər zaman bu vəziyyətdə olmuşdu.

Bu gün isə həmin kəndlərə baxdıqda tam fərqli mənzərə görürük. Geniş və rahat asfalt yollar çəkilmiş, kəndlərimizdə şəhər səviyyəsində yol şəraiti yaradılmışdır. Məsələn, yaşadığım Beyləqan rayonunun Əlinəzərli kəndində 2019–2020-ci illərdə dövlət büdcəsi hesabına asfalt yol çəkildi. Bu kənd 1930-cu illərdə salınıb və bu müddət ərzində ilk dəfə bu səviyyədə yol infrastrukturu qurulub. Sovet dövründə cəmi bir dəfə primitiv şəkildə yol salınmışdı. Bu proses, məncə, Azərbaycan dövlətinin xalqına verdiyi mühüm bir töhfədir. Bu sahədəki uğurlar yalnız yol infrastrukturu ilə məhdudlaşmamalıdır, çünki müasir dövlətin əsas atributlarından biri də onun nəqliyyat infrastrukturudur. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri böyük maliyyə vəsaiti tələb etsə də, digər bölgələrdə də bu inkişaf tendensiyası davam etdirilməlidir. Ölkənin bütün yolları rahat, müasir və dayanıqlı olmalıdır. Bizim buna imkanımız var və bu imkanlardan maksimum istifadə edilməlidir. Bu sahədəki uğurlar, eyni zamanda, dövlət siyasətinin və Prezidentin rəhbərliyi ilə aparılan məqsədyönlü işlərin nəticəsidir. İnfrastrukturun inkişafı həm sosial rifahın artmasına, həm də bölgələrin iqtisadi potensialının genişlənməsinə mühüm töhfə verir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə