"Lombardlar banklarla müqayisədə daha sürətli xidmət göstərirlər" - İQTİSADÇI RƏYİ

"Lombardlar ənənəvi bank institutlarından fərqli olaraq, əsasən qısa müddətli likvidlik ehtiyaclarını qarşılamaq üçün fəaliyyət göstərirlər. Onların əsas fəaliyyət prinsipi girov təminatı əsasında kredit verməkdir. Yəni, müştəri müəyyən bir qiymətli əşyanı (məsələn, qızıl, zinət əşyası və ya digər likvid aktivlər) girov qoyaraq qısa müddətli maliyyə vəsaiti əldə edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı alim Altay İsmayılov deyib.

Onun sözlərinə görə, lombardlar, adətən, banklarla müqayisədə daha sürətli xidmət göstərirlər və kreditin verilməsi zamanı mürəkkəb maliyyə təhlilləri və müştərinin ödəmə qabiliyyətinin dəyərləndirilməsi prosesləri aparılmır: "Bu səbəbdən lombardların fəaliyyətində risk səviyyəsi banklara nisbətən daha yüksək olur.

Digər tərəfdən, banklarla müqayisədə lombardların tətbiq etdiyi faiz dərəcələri və xidmət haqları daha yüksək ola bilər. Azərbaycan reallığında lombardların fəaliyyəti göstərir ki, bu sahədə müəyyən tənzimləmə boşluqları mövcuddur. Belə ki, əhalinin maliyyə savadlılığının yetərli olmamasından istifadə edən bəzi lombard müəssisələri yüksək faiz dərəcələri tətbiq etməklə yanaşı, girov qoyulan əmlakların dəyərini obyektiv qiymətləndirmədən kənar, olduqca aşağı məbləğlərlə müəyyən edirlər. Bu hallar xüsusilə kredit üzrə faiz və əsas borc vaxtında ödənilmədikdə, girovun reallaşdırılması zamanı özünü daha qabarıq şəkildə göstərir. Nəticədə, vətəndaşlar maddi və hüquqi baxımdan ciddi zərərə məruz qalırlar".

İqtisadçı ekspert qeyd edib ki, bank sektoru Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ciddi şəkildə tənzimlənsə də, lombardların fəaliyyətinin nəzarət mexanizmləri hələ də qeyri-kafi səviyyədədir: "Bu sahədə institusional və hüquqi boşluqlar, lombardların sui-istifadə hallarına yol açmasına şərait yaradır. Bu səbəbdən, lombardlar üçün maksimal faiz limiti qanunvericiliklə müəyyən edilməli və bu limitin aşılmasının qarşısını alan effektiv nəzarət mexanizmləri yaradılmalıdır. Bu, həm bazar iştirakçılarının ədalətli rəqabətini təmin edər, həm də müştərilərin istismar olunmasının qarşısını alar.

Eyni zamanda, lombardlarla müştərilər arasında bağlanan müqavilələrdə bütün şərtlər – kredit məbləği, faiz dərəcəsi, girovun qiymətləndirilməsi prinsipləri, ödəniş müddətləri və s. – aydın, ətraflı və başa düşülən şəkildə göstərilməlidir. Müqavilələrdəki şəffaflıq, potensial mübahisələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, yalnız institusional və normativ tənzimləmə ilə kifayətlənmək kifayət deyil. Müştərilər – xüsusilə maliyyə bilikləri zəif olan vətəndaşlar – bu cür maliyyə alətləri ilə işləyərkən ehtiyatlı davranmalı, ehtiyac olduqda maliyyə sahəsində təcrübəli şəxslərdən və ya müvafiq dövlət qurumlarından məsləhət və dəstək almalıdırlar. Bu, onların maliyyə ehtiyaclarını ödəmək məqsədilə daha böyük risklərə və sosial-maddi çətinliklərə məruz qalmalarının qarşısını ala bilər"- deyə əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə