“Qarabağ”neft yatağının işlənməsi ilə bağlı sənədlər imzalanıb - FOTO
3 iyun 2025-ci il tarixində “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi üzrə Risk Xidmət Sazişi” və “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü Sazişi” üzrə iştirak paylarının satılması ilə əlaqədar sənədlər (o cümlədən “Farmout” Sazişi) imzalanıb. SİA xəbər verir ki, 2024-cü il 20 sentyabr tarixində SOCAR ilə bp arasında “Qarabağ” neft yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” sahəsinə dair imzalanan Anlaşma Memorandumu əsasında aparılan danışıqların nəticəsi olaraq, hər iki sənəd üzrə ortaq neft şirkətlərinin 35% iştirak paylarının bp şirkəti tərəfindən alışı üzrə müvafiq sənədlər razılaşdırılıb. bp ilə razılaşdırılmış qrafikə uyğun olaraq işlənmə proqramı üzrə “Qarabağ” yatağından ilkin neftin 2029-cu ildə təhvil verilməsi gözlənilir ki, bu da Azərbaycanın enerji sektoru üçün mühüm mərhələdir.
BP şirkəti hər iki layihə üzrə operator kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Qarabağ” neft yatağı Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km aralıda, suyun 150-200 metr dərinliyində yerləşir. “Əşrəfi - Dan Ulduzu – Aypara” sahəsi isə Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşir.
Əldə olunan yeni razılaşmalar SOCAR ilə bp arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə