Ölkədə MTK-lar qanun nəzarətsizliyindən istifadə edərək komendant pulu yığırlar. Lakin komendatların binaların sakinlərə təhvil verilməsində heç bir maraqları yoxdur. Komendantlar yaşayış binalarında istədikləri tarifləri təyin edərək vətəndaşlardan pul vəsaiti tələb edirlər. Sakinlər komendant pulunu ödəmədiyi halda isə liftdən və digər istifadə etdikləri əlaqələri məhdudlaşdırırlar. Bəs bu kimi hallar qanunla necə tənzimlənir? SİA bu barədə reportaj edib.
Mövzu ilə bağlı əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, Azərbaycanda çoxmənzilli binaların idarə olunması mənzil məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir: "Təəssüflər olsun ki, bu kimi qaydalara tikinti şirkətləri əməl etmirlər. Baxmayaraq ki, tikinti yerində inşaat işi bitəndən sonra MTK-lar müştərək cəmiyyətlərə çevrilmir. Yəni vətəndaşların bu sahədə məlumatlandırılması və təbliğatı az aparıldığına görə, onlara qarşı bu kimi hallar istifadə olunur.
Ölkədə 2200-ə yaxın çoxmənzilli bina var ki, bundan yalnız 200-ə yaxın bina müştərək cəmiyyətə çevrilib və qanuna qismən uyğun tənzimlənir. Digər binaların hamısında təəssüflər olsun ki, illər boyu uzanır. Tikinti şirkətləri öz işlərini bitirdikdən sonra oraya öz şəxslərini təyin edirlər. Bu şəxslər isə, yəni komendantlar öz maraqlarına uyğun olaraq hərəkət edirlər. Bu sahədə komendant özbaşınalığı demək olar ki, ölkədə 90-95% hökm sürür.
Vətəndaşlar bilməlidirlər ki, çoxmənzilli binaların idarə olunması bir-başa qanunla tənzimlənir və onların öz öhdəsindən irəli gəlir. Binalar istismara verildikdən sonra, vətəndaşlar toplanaraq Ədliyyə Nazirliyinə müraciət etməlidirlər. Müştərək cəmiyyəti yaratmalıdırlar və daha sonra onun üç idarəetmə üsulundan birini seçməlidirlər".
Komendatların bu qanunsuz hərəkətləri vətəndaşlarında narazılığına səbəb olur. Komendat pulu verdikləri halda təmiz şəraitdən istifadə edə bilmirlər.
Şəhər sakini Nərminə Cəfərova: "İndi ki halda MTK-ların bəziləri demək olar ki, ləğv olunur. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır. Bu hal mənzil mülkiyyətçilərinin əlavə yığılan pulun qarşısını almaq üçün çox yaxşı vasitədir. Həmin binalarda yaşayan sakinlərdən lazım olan pullar yığılmalıdır. Lakin MTK-lar bunu nəzərə almırlar".
Şəhər sakini Ayşən Məmmədova: "Mən komendant pulundan razı olmadığımı desəm belə, bir şey dəyişmir. Onsuzda komendant pulu yığılır. Lakin verdiyimiz pulun müqabilində təmizlik işlərini düzgün yerinə yetirsələr yaxşı olar. Lift qırılır, lakin onu düzəltdirmirlər".
Şəhər sakini Yusif Cəfərov: "Mən komendant pulu yığılmasından razı deyiləm. Yığılan pullar mənzil sahibləri üçün yaradılan ictimai quruma verilməlidir. Çünki onlar bütün problemləri həll edə bilərlər. Artıq pullar yığılır və səmərəsi çox azdır. Həmçinin o pullarda şəffaflıq yoxdur".
Həmçinin məsələ ilə bağlı hüquqşunas Ramil Süleymanov qeyd edib ki, çoxmənzilli yaşayış binalarında mülkiyyətçilərlə (payçılar və ya sakinlərlə) bina idarəediciləri (MTK-lar və ya digər idarəedici qurumlar) arasında binanın ümumi istifadədə olan sahələrinin saxlanılması və idarə olunmasına dair münasibətlər, tərəflər arasında bağlanmış müvafiq müqavilə əsasında tənzimlənir: "Bu münasibətlər çərçivəsində göstərilən xidmətlər – ərazinin təmizliyi, giriş bloklarının və liftlərin təmizliyi, texniki sistemlərin işlək vəziyyətdə saxlanması və digər oxşar xidmətlər – ümumi xidmət haqqı (el arasında "komendant pulu" kimi tanınan) vasitəsilə maliyyələşdirilir.
Qeyd olunan xidmətlərə görə ödənilən məbləğ, tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilən şərtlərə əsasən hesablanır. Müqavilə şərtlərində yaşayış sahəsinin təmir vəziyyəti və həmin mənzilin daimi yaşayış yeri kimi istifadə edilib-edilmədiyi kimi meyarlar nəzərə alınaraq, xidmət haqqına güzəştlər və ya fərqləndirici yanaşmalar tətbiq oluna bilər.
Mövcud vəziyyətdə bu xidmət haqqı və onun məbləği xüsusi bir qanunla birbaşa tənzimlənmədiyindən, əsas hüquqi baza mülki hüquq prinsiplərinə və tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış müqaviləyə əsaslanır".
Komendat pulu qanunla tənzimlənən prosesdir. Vətəndaşlar bu sahədə ayıq olmalı və artıq pul verməməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə