SOCAR “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edir
SOCAR “baş tərəfdaş”ı olduğu “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan 30-cu yubiley “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə və “Bakı Enerji Forumu”nda fəal iştirak edir. SİA xəbər verir ki, ilk dəfə xalqımızın Ümummilli Lideri, yeni enerji strategiyamızın müəllifi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi” ötən illər ərzində regionda və qlobal miqyasda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa mühüm töhfə verən platformaya çevrilib. Builki Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi”ndə SOCAR "Ədalətli enerji keçidi ilə dayanıqlı gələcəyin gücləndirilməsi" şüarını özündə ehtiva edən stend ilə təmsil olunur.
Stenddə Ulu Öndər Heydər Əliyevin enerji siyasətinə həsr olunmuş foto kompozisiya nümayiş etdirilir. Burada Ümummilli Liderin yeni neft strategiyasının icrasını, dahi şəxsiyyətin neft-qaz sənayemizin inkişafına, neftçilərə yüksək diqqətini əks etdirən nadir fotolar yer alıb.
SOCAR ölkənin enerji sektorunda strateji rol oynamaqla yanaşı, yerli mütəxəssislərin hazırlanmasına və əməkdaşlarının peşəkar inkişafına da böyük önəm verir. Bu istiqamətdə həyata keçirilən müxtəlif təşəbbüslər sayəsində SOCAR işçi heyətinin bilik və bacarıqlarını artırmaqla ölkəmizdə insan kapitalının formalaşmasına mühüm töhfə verir. Bu təşəbbüslər, SOCAR-da çalışan əməkdaşların peşəkar inkişafında və milli insan kapitalının gücləndirilməsində xüsusi rol oynayır. Məhz bu baxışın rəmzi kimi, 30-cu yubiley Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi”ndə SOCAR stendində 30 BANM tələbəsinin, 30 SOCAR könüllüsünün, 30 Gənc İstedadlar Proqramı iştirakçısının və 30 neftçinin fotolarından ibarət kompozisiya nümayiş etdirilir. Bu vizual təqdimat, SOCAR-ın gənclərə və insan kapitalına verdiyi dəyərin ifadəsidir. Stenddə, eyni zamanda SOCAR-ın neft-qaz platformaları, qazma qurğuları, zavodları, terminalları ilə bağlı tarixi fotolar təqdim olunur.
Ən son innovativ yeniliklərin tətbiq edildiyi stenddə SOCAR-ın fəaliyyət istiqamətlərinə dair məlumatlar müasir texnologiyalar vasitəsilə təqdim olunur. Burada Azərbaycanda və ölkəmizdən kənarda emal, neft-kimya sənayesi, kəşfiyyat, qazma, hasilat sahələrində SOCAR tərəfindən görülən işlər, həmçinin ixrac marşrutları, marketinq və treydinq, insan kapitalı, innovasiya və rəqəmsallaşma istiqamətləri üzrə ən son məlumatları əldə etmək mümkündür.
Enerji keçidi layihələri zonasında quraşdırılan “interaktiv masa”da SOCAR-ın dekarbonizasiya hədəfləri, COP29 çərçivəsində şirkətin imzaladığı əməkdaşlıq sazişləri, bərpaolunan enerji və metan emissiyalarının inventarlaşdırılması və azaldılması layihələri barədə ətraflı məlumatlar təqdim edilir.
Həmçinin stenddə yer alan “Infinity Room” zonasında quraşdırılan nazik LED panellər vasitəsilə də SOCAR-ın müxtəlif layihələri, əldə olunan nəticələri əks etdirən vizual məlumatlar nümayiş olunur.
SOCAR, eyni zamanda, regionun əsas enerji layihələri və enerji təhlükəsizliyi, rəqəmsallaşma kimi məsələlərin müzakirə olunduğu “Bakı Enerji Forumu”nun işində də yaxından iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə