Dövlət Neft Fonduna ayrılan vasəitdə artım müşahidə olunur - Sahil Babayev

"2024-cü ildə qurumlara ayrılmış vəsait 548 milyon manat təşkil etmiş, bu da 2023-cü illə müqayisədə 67 milyon manat çoxdur. Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş məbləğ yəni 12,8 milyard manat tam şəkildə transfer olunmuşdur. Qeyd etmək lazımdır ki, 2024-cü ildə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan maliyyə vəsaitləri tam həcmdə təmin edilmiş və müvafiq icra qurumları tərəfindən yerinə yetirilmişdir". SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin xərcləri hesabat ilində proqnozun 95%-i həcmində və ya ümumilikdə 37 milyard manat məbləğində icra olunmuşdur: "Bu göstərici 2023-cü illə müqayisədə 1,3 milyard manat və ya 3,14% çoxdur. Son beş il ərzində dövlət büdcəsinin xərcləri ümumilikdə 11,3 milyard manat və ya 43% artmışdır ki, bu da dövlət xərclərinin iqtisadi artım templəri ilə uyğun şəkildə inkişaf etdiyini göstərir.

2024-cü ildə dövlət büdcəsinin xərclərinin strukturuna nəzər saldıqda, 21,3 milyard manat və ya 56,6%-i cari xərclərə, 5,1 milyard manat və ya 13,8%-i əsaslı xərclərə, 1,3 milyard manat və ya 3,14%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

Əvvəlki illə müqayisədə cari xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 1 faiz bəndi artmış, dövlət borcuna xidmətlə bağlı xərclərin payı 0,2 faiz bəndi yüksəlmiş, əsaslı xərclərin payı isə 1,2 faiz bəndi azalmışdır. Bu dinamika büdcə strukturunda müəyyən tarazlaşdırma meyillərinin mövcud olduğunu göstərir"- deyə o əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə