Azərbaycanın maraqlarının beynəlxalq arenada qorunması üçün 37,8 milyon manat vəsait sərf olunub

Azərbaycanın maraqlarının beynəlxalq hüquq çərçivəsində qorunması, beynəlxalq məhkəmələrdə təmsil edilməsi və həmin məhkəmələrin qərarlarının icrası ilə bağlı xərclərin ödənilməsi üçün ötən ilin əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər bölməsindən 37,8 milyon manat vəsait sərf olunub. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Sənədə əsasən, ötən il fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri üçün 20 milyon manat, işğaldan azad edilmiş ərazilərdə ödənilmiş kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi üçün 7,6 milyon manat, ölkənin beynəlxalq yardım işinin daha sistemli və ardıcıl təşkili, eləcə də xarici siyasət maraqlarımıza səmərəli şəkildə uyğunlaşdırılması üçün Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə müvafiq istiqamətlər üzrə beynəlxalq donorluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 4,8 milyon manat, ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər üçün 13,7 milyon manat məbləğində vəsait sərf olunub.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə