Onların mənzillə təmin olunması üçün 35 milyon manat vəsait ayrılıb

2024-cü ildə dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 3492,9 milyon manat vəsait yönəldilib. SİA xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq aparılan tədbirlər çərçivəsində hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrılıb.

Həmin vəsait hesabına (Bakı şəhəri, Hövsan Yaşayış Kompleksi və Sumqayıt şəhəri, Sumqayıt Yaşayış Kompleksi) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan cəmi 512 ədəd tam təmirli mənzil alınmış və həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

2024-cü ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 21,7 milyon manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 5 milyon manat və ya 29,9 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə