“Qurban bayramına sayılı günlər qalmasına baxmayaraq, hələ ki ölkənin ət bazarlarında ciddi dəyişiklik müşahidə edilmir. Ötən illə müqayisədə bu il nə dəyişib? Əslində, daxili istehsalda ötən illə müqayisədə müəyyən qədər azalma var. Amma məsələ ondadır ki, bu ilin yanvar ayından etibarən ölkəyə diri heyvan idxalı xeyli artıb. Ötən illə müqayisədə idxal iki dəfə çoxalıb. Bu idxal əsasən Rusiya, Qazaxıstan və Gürcüstandan həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.
Akif Nəsirli sözlərinə belə davam edib: “Hesab edirəm ki, bu amil bu il Qurban bayramında qiymətlərə təsir göstərəcək. Ötən ilin idxal qiymətləri ilə bu ilin idxal qiymətləri arasında fərq var – bu il idxal olunan heyvanların və ətin qiyməti bir qədər bahalaşıb. Lakin düşünürəm ki, bu il Qurban bayramı ərəfəsində ötən ilki kimi qıtlıq və ya kəskin bahalaşma müşahidə olunmayacaq.
Hazırkı qiymətlərlə müqayisədə bayram ərəfəsində müəyyən qədər artım ola bilər. Amma ötən il Qurban bayramı ərəfəsində qiymətlər 30-40 faiz bahalaşdığı halda, bu il bahalaşmanın 10-15 faiz, maksimum 20 faiz səviyyəsində olacağı gözlənilir. Bayramdan sonra isə qiymətlərin yenidən əvvəlki səviyyəyə qayıdacağı ehtimal olunur. Mən belə düşünürəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə