Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) inzibati şikayətlər üzrə ümumilikdə 9 687 müraciət daxil olub ki, bu da 2023-cü illə müqayisədə 35,9 % azdır. SİA bu barədə DVX-ya istinadən xəbər verir.
Məlumata görə, mübahisələndirilən məsələlərlə bağlı daxil olan ilk müraciətlərin (faktiki müraciətlər) sayı 2023-cü ilə nisbətən 34,3 % azalaraq 7 153 təşkil edib. Faktiki müraciətlərin 94 %-dən çoxu kameral vergi yoxlamaları, qalanları isə səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti və digər kateqoriyalı şikayətlərlə bağlı olub.
Kameral vergi yoxlamaları üzrə daxil olmuş faktiki müraciətlərin böyük hissəsi məcburi sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta, mənfəət (gəlir) vergisi bəyannaməsində təsdiqini tapmayan xərclərə əsasən aparılan hesablamalar, təqdim olunan e-qaiməyə əsasən hesablamalar, mikro sahibkarlıq subyektlərinə verilmiş güzəştlər, bank hesabına daxil olmuş vəsaitə görə aparılan hesablamaları əhatə edib.
Daxil olan şikayətlərin sayında azalmanın başlıca səbəbləri kameral vergi yoxlamaları ilə aşkar edilən kənarlaşmalar üzrə hesablamaların dəqiqləşdirilməsi, eyni zamanda, vergi ödəyicilərinin qanunvericiliyin tələbləri ilə bağlı mütəmadi olaraq məlumatlandırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə