İqtisadçı Akif Nəsirli valyuta məzənnələrinin perspektivi ilə bağlı fikirlərini SİA ilə bölüşüb.
İqtisadçı hazırda ən perspektivli valyutalardan bəhs edib: “Dünyada hazırda ən populyar iki valyuta dollar və avrodur. Funt sterlinq də ciddi stabilliyə malikdir. Bu üç valyutadan daha perspektivlisi avrodur, amma dollar və funt sterlinq də ondan zəif deyil”.
Akif Nəsirli banklara etibarın azaldığını vurğulayıb: "Təəssüflər olsun ki, xalqımızda pulu başqa valyutada saxlamaq vərdişi var. Bu vərdiş əslində çox ziyanlıdır. Ölkədə banklara, bank kartlarına, əmanətlərə etibar azalıb. Son 20 ildə ölkə daxilində maliyyələşmə sferasında baş verənlər təəssüf ki bu sistemin etibarını sarsıdıb. Hal-hazırda Azərbaycanda əmanət saxlayan sahibkarlar onu məcburən saxlayırlar. Bəzi insanlar isə köhnə sovet sistemindəki kimi banka pul qoyurlar. Dünyanın inkişaf etmiş ölkələrində əhali izafi vəsaitini nə banka qoyur, nə də yastığın altında gizlədir. Bu ölkələrdə əhali pulunu daha çox qiymətli kağızlar bazarına yönəldir. Pandemiya zamanı Amerika vətəndaşlarına kompensasiya ödədi, lakin hərəkət məhdudiyyəti olduğundan səfərlərə və sair gedə bilmirdilər. Belə olan halda kompensasiyaları qiymətli kağızlar bazarına yönəltdilər. Dünyada qiymətli kağızlar bazarı çökdüyü halda Amerikada isə inkişaf edirdi”.
İqtisadçı hazırkı vəziyyətdə dəqiq proqnoz verməyin çətin olduğunu qeyd edib: "Ölkədə normal qiymətli kağızlar bazarı hələ formalaşmayıb. Bu səbəbdən də Azərbaycan əhalisi dəfinə saxlamaqda çətinlik çəkir. Qiymətli kağızlar bazarına vəsait qoymaq vəsaiti etibarlı şəkildə qoruyur və daha yüksək gəlir əldə etmək imkanı yaradır. İnkişaf etmiş ölkələrdə bu cür gəlir əldə edən kifayət qədər insan var. Hazırda dünyada tam şəkildə etibarlı valyuta mövcud deyil. Geosiyasi proseslər elə sürətlənib ki, Amerika və Avropa iqtisadiyyatı belə bir neçə saat ərzində çökə bilər”.
Ayaz Zeynalzadə
Bütün xəbərlər Facebook səhifəmizdə