Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyi 2023-cü ili 163 min manat xalis mənfəət başa vurub. Halbuki, qurum 2022-ci ildən 959 min manat xalis zərərlə çıxmışdı. SİA xəbər verir ki, ötən il "Teleradio" İstehsalat Birliyinin gəlirləri 11,188 milyon manat (əvvəlki ilə nisbətən 3,95 % çox), ümumi və inzibati xərcləri 3,834 milyon manat (24,2 % az), əməliyyat xərcləri 5,956 milyon manat (13,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 1,655 milyon manat (8,2 % az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərinin qaytarılmasından gəlirləri 773 min manat (3,7 dəfə çox), köhnəlmiş və istifadəsi az olan mal-materiallar üzrə ehtiyatlara ayırmaları 231 minmanat (12,2 dəfə çox), bina və avadanlıqların silinməsi üzrə zərəri 22 min manat (70 % az), xarici valyuta gəlirləri 5 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 106 min manat (əvvəlki ilə qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə "Teleradio" İstehsalat Birliyinin aktivləri 36,606 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 85,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 34,4 dəfə artaraq 17,171 milyon manata, balans kapitalı isə 0,85 % artaraq 19,435 milyon manata çatıb.
Xatırladaq ki, "Teleradio" İstehsalat Birliyi 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,359 milyon manatdır. Qurum radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə