"Biz çalışırıq ki, bu elektrik stansiyası özəl investisiya hesabına yaradılsın" - ŞÖBƏ MÜDİRİ AÇIQLADI

"Özəl investisiya hesabına yeni qaz-turbin elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Bu məsələ ilə bağlı müxtəlif investorlarla müzakirələr aparılıb. Onların içərisinə Qətər, Yaponiya, Türkiyə kimi bir sıra ölkələr daxildir". Bu sözləri SİA-ya açıqlamasında Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi şirkətə dair tələbləri bu ölkə investorlarına göndərib və iştirak etmək istəyənlər öz maraqlarını bildiriblər: "Son olaraq isə qiymət təklifi üçün müraciət etmişik və təqribən fevrala qədər vaxt vermişik ki, onlar öz təkliflərini təqdim etsinlər. Bu prosesə, onun beynəlxalq təcrübəyə uyğun həyata keçirilməsi, ölkəmizə faydalı olması üçün məsləhətçi şirkət də cəlb etmişik". Ələsgər Həsənov sözlərinə davam edərək qeyd edib ki, ümumiyyətlə yeni istehsal gücləri dövlət vəsaiti hesabına yaradılır: "Biz çalışırıq ki, bu elektrik stansiyası özəl investisiya hesabına həyata keçirilsin. Yəni, əsas məqsədimiz özəl investisiyanın cəlbidir. Bu, gələcəkdə bazar prinsiplərini tətbiq etmək üçün rəqabət mühiti formalaşdıracaq. Eyni zamanda, cəlb olunan investorlardan əsas tələbimiz ən müasir avadanlıqların istifadəsi, müasir texnologiyaların tətbiqidir. Bu da yekunda enerji səmərəliliyinin təmin olunması və nəticədə resurslara qənaət olunmasına imkan yaradacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə