Bakıda sentyabrın 7-dən dekabrın 7-dək III Beynəlxalq Opera Festivalı keçiriləcək

Bakıda sentyabrın 7-dən dekabrın 7-dək III Beynəlxalq Opera Festivalı keçiriləcək

Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın müəllifi və bədii rəhbəri olduğu festival üç ay davam edəcək. Layihə çərçivəsində Bakının müxtəlif konsert məkanları ilə yanaşı, Azərbaycanın regionlarında və xarici ölkələrdə zəngin konsert proqramlarının, mədəni layihələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.
SİA xəbər verir ki, festivalın əsas məqsədi opera sənətinin geniş auditoriyaya çatdırılması, klassik musiqinin təbliği, milli vokal məktəbinin inkişafı, gənc istedadların dəstəklənməsi və beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsidir.

Festival çərçivəsində “Gənc səslər gələcəyə səslənir” layihəsinə də xüsusi yer ayrılacaq. Layihə çərçivəsində gənc vokal ifaçıları tanınmış sənətkarlarla eyni səhnəni bölüşəcək, solo konsertlərdə iştirak edəcək və peşəkar yaradıcılıq mühitində öz bacarıqlarını nümayiş etdirmək imkanı qazanacaqlar.

Festival proqramına musiqili gecələr, kamera və simfonik konsertlər, ustad dərsləri, ədəbi-bədii görüşlər, ali təhsil müəssisələrində maarifləndirici tədbirlər və regionlarda konsert layihələri daxildir.

Bununla yanaşı, festival çərçivəsində Fidan Hacıyevanın Paris, London, Milan və Minsk şəhərlərində beynəlxalq konsert proqramları ilə çıxışları da nəzərdə tutulub.

Festivalın təntənəli açılışı sentyabrın 7-də baş tutacaq. Açılış mərasimində Fidan Hacıyevanın opera sənətində fəaliyyətinin 30 illiyinə həsr olunmuş yubiley konserti təqdim ediləcək.

III Beynəlxalq Opera Festivalının bağlanış mərasimi isə dekabrın 7-də Heydər Əliyev Sarayında keçiriləcək. “Yarım əsrlik sənətkar ömrünün Karmenı” adlı qala konserti Fidan Hacıyevanın 50 illik yubileyinə və 30 illik səhnə fəaliyyətinə həsr olunacaq.

Qala konsertində Jorj Bizenin “Karmen” operasından seçmələr, həmçinin Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndiriləcək. Konsertdə Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov və İspaniyanın məşhur flamenko rəqs kollektivi iştirak edəcək.

Opera, simfonik musiqi və flamenko sənətinin vəhdətini təqdim edəcək qala konsertinin festivalın əsas mədəni hadisələrindən biri olacağı gözlənilir.

III Beynəlxalq Opera Festivalı Azərbaycanın zəngin musiqi irsinin beynəlxalq səviyyədə təbliği, gənc istedadların dəstəklənməsi və klassik musiqi ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm mədəni platforma kimi çıxış edəcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə