Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri çıxış ediblər

Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri çıxış ediblər

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının növbəti günündə musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir. Festival çərçivəsində Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti konsert proqramı təqdim olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, kamera musiqisi axşamında musiqisevərlər qarşısında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Qeyd olunub ki, Bakı Musiqi Akademiyası ali musiqi təhsili ocaqlarının önündə gedərək, bu gün öz yetirmələrinin sədalarını dünyanın müxtəlif guşələrindən alır. Şərqdə ilk ali musiqi təhsili ocağı olan Bakl Musiqi Akademiyası milli mədəniyyətimizin səhifələrinə önəmli yazılar, adlar qoyub. Məhz bu parlaq adlar milli musiqi mədəniyyətimizi bu gün bütün dünyada tanıdır.

Konsertdə M.Ravelin “Sonata №1”, B.Smetananın “Trio”, Ü.Hüseynzadənin “Piano triosu” (III hissə), A.Şnitkenin “Reviz nağıl” süitasından “Şinel”, A.Bayramzadənin “Violin və piano üçün iki pyes”, V.Rəhimovun “Violonçel və fortepiano üçün 2 pyes”, T. Quliyevin “Qaytağı”, E.Kurtisin “Non ti scordar di me”, R.Şedrinin “Albenisə təqlid”, A.Məlikovun “Güllərim” (sözləri N.Xəzrinindir), F.Əmirovun “Ulduz” (sözləri M.Lermontovundur) və digər bəstəkarların əsərləri səsləndirilib.

Bakı Musiqi Akademiyasının rektoru, professor, festivalın təşkilat komitəsinin rəhbəri Fərhad Bədəlbəyli AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində rəhbərlik etdiyi təhsil ocağının tələbələrinin öz istedadlarını nümayiş etdirmələri üçün belə festival və müsabiqələrin əhəmiyyətini yüksək qiymətləndirib. Rektor bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı ilk növbədə musiqi və incəsənət sahəsində təhsil alan, fəaliyyət göstərən hər bir insan üçün bir məktəb və öz istedadını nümayiş etdirmək üçün bir vasitədir. Fərhad Bədəlbəyli onu da əlavə edib ki, Qəbələ səhnəsində ötən 15 ildə onlarla tələbə gənc ilk çıxışını edib və hazırda onların xoş sorağı dünyanın müxtəlif festival və müsabiqələrindən gəlir.

Bakı Musiqi Akadeniyasının 2-ci kurs tələbəsi, bu yaxınlarda Rumuniyanın paytaxtı Buxarestdə təşkil edilən müsabiqənin qalibi Məhəmməd Allahverdiyev isə bildirib ki, hələ uşaqlıq illərindən Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək, səhnədə yer almaq arzusu olub. O, nəhayət bu gün xəyalını gerçəkləşdirir və ona bu fürsəti yaradan akademiya rəhbərliyinə, festivalın təşkilatçılarına öz və tələbə yoldaşları adından minnətdarlığını bildirir. Məhəmməd əmindir ki, Qəbələ səhnəsi ona və həmyaşıdlarına düşərli olacaq, qarşıdakı illərdə dünya səhnələrində Azərbaycanı layiqincə təmsil edəcəklər.

Qeyd edək ki, günün axşam açıq hava konsertində tamaşaçılar qarşısında Yuri Bivolun baş baletmeysteri olduğu Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və Moldovanın “Millenium” etno-estrada qrupu da çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə