Azərbaycanda ilk dəfə: "AVAZ” Gənclərin Xor Düşərgəsi

Azərbaycanda ilk dəfə: "AVAZ” Gənclərin Xor Düşərgəsi

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil olunacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 5-9-da Şəki Olimpiya İdman Kompleksində keçiriləcək düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı İctimai Xoru tərəfindən həyata keçirilir.

Layihənin əsas məqsədi gənclər arasında xor mədəniyyətinin təbliği, kollektiv musiqi ifaçılığı ənənələrinin inkişaf etdirilməsi, yaradıcılıq potensialının üzə çıxarılması, həmçinin müxtəlif regionlardan olan gənclər arasında ünsiyyət və əməkdaşlığın gücləndirilməsidir.

Beş gün davam edəcək proqram çərçivəsində iştirakçılar interaktiv xor sessiyaları, vokal və estrada sənəti üzrə ustad dərsləri, yaradıcılıq və motivasiya görüşləri, təlimlər, komanda fəaliyyətləri və müxtəlif mədəni proqramlarda iştirak edəcəklər. Düşərgə iştirakçılarına həm peşəkar musiqi mühitini yaxından tanımaq, həm də kollektiv ifaçılığın üstünlüklərini praktiki şəkildə mənimsəmək imkanı yaradır.

Layihə yalnız peşəkar musiqi təhsili alan gənclər üçün deyil, musiqiyə maraq göstərən, xor ifaçılığına həvəsli bütün 16–26 yaşlı gənclər üçün açıqdır. Əsas meyar iştirakçıların musiqiyə sevgisi, öyrənmək həvəsi və kollektiv yaradıcılığa marağıdır.

Düşərgədə iştirak etmək istəyən gənclər əvvəlcə elektron qeydiyyatdan keçməlidirlər. Seçim mərhələsini uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaq və yekun seçimdən sonra düşərgədə iştirak hüququ qazanacaqlar.

İyulun 26-sı qeydiyyat üçün son tarix müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə