Dünya ulduzları Bakıdan heyranlıqla ayrılır: Biz artıq bir ailəyə çevrilmişik

Dünya ulduzları Bakıdan heyranlıqla ayrılır: Biz artıq bir ailəyə çevrilmişik

“Shahin Novrasli Festival-2026”: Xarici sənətçilərin təəssüratları

Bakıda beşinci “Shahin Novrasli Festival”ı uğurla başa çatdı. On gün ərzində paytaxt sakinləri və qonaqlarına müxtəlif janrlardan olan musiqilərdən ibarət geniş proqram təqdim olunub. Konsertlərdə Azərbaycan sənətçiləri ilə yanaşı, Latın Amerikası, Türkiyə, Gürcüstan, Fransa, Macarıstan, Rumıniya və İsraildən tanınmış musiqiçilər də iştirak ediblər.

SİA xəbər verir ki, xarici sənətçilər festival və Azərbaycana səfərləri ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.

Braziliyalı barabançı Ayzek Camba: “Azərbaycanda təşkil olunan “Shahin Novrasli Festival”ında artıq üçüncü dəfədir iştirak edirəm. Şahin Növrəslinin bu il də məni dəvət etməsindən böyük şərəf duydum. Biz artıq bir ailəyə çevrilmişik. O, inanılmaz və bənzərsiz bir musiqiçidir. Yenidən bu festivalın bir parçası olmaqdan və onun bağlanış mərasimində çıxış etməkdən son dərəcə xoşbəxtəm.

Bu il bizim üçün ən böyük sürpriz İçərişəhərdəki yeni məkan oldu: daha böyük ərazi, daha çox tamaşaçı və möhtəşəm bir səhnə! Həmçinin “Gənc Musiqiçilər Konsertləri” çərçivəsində yeni nəslin çıxışlarını izləməkdən çox zövq aldım – aralarında çox istedadlı gənclər var.

Bakıya heyran qaldım. Buranın insanları çox mehriban və səmimidirlər. Gələn il yenidən bura dönməyi səbirsizliklə gözləyəcəm!”

Fransalı kontrabasçı Erik Jako: “Bu, mənim Azərbaycana ikinci səfərimdir. İlk gəlişimdə vaxtım çox az olduğundan, təəssüf ki, şəhəri yaxından tanıya bilməmişdim. Amma bu dəfə daha uzun müddətə gəlmişəm və bu, tamamilə fərqli bir təcrübədir! İçərişəhər sanki bir xəyaldır, sözlə ifadə edilməyəcək dərəcədə inanılmazdır. Gələcəkdə bura yenidən dönəcəyimə və Azərbaycanın füsunkar təbiətindən zövq alacağıma ümid edirəm.

Azərbaycanlı ifaçılarla çalışmaq mənim üçün çox rahatdır. Buranın insanları hədsiz dərəcədə qonaqpərvər və mehribandırlar. Xüsusilə Növrəsli ailəsini qeyd etmək istəyirəm – onlar məni elə ilk gündən böyük diqqət və səmimi qayğı ilə əhatə etdilər.

Əvvəllər də Azərbaycan musiqiçilərini dinləmişdim; hətta Almaniyada Əzizə Mustafazadənin konsertində də iştirak etmişəm. Sonradan Şahin Növrəsli mənə Əzizə xanımın atası Vaqif Mustafazadə haqqında danışanda onun səs yazılarını dinlədim: bu, Azərbaycandan yüksələn möhtəşəm bir caz sədasıdır! Məni valeh etdi. Bu musiqi caz, improvizasiya və muğamın mükəmməl sintezidir. Ümumiyyətlə, caz öz təbiəti etibarilə fərqli janrların qarışığıdır və onun bütün gözəlliyi də məhz bundadır. Mən dünyanın hər yerində – Qərbdə və Şərqdə, Şimalda və Cənubda caz ifa edirəm. Çünki musiqi universaldır və o, dünyaya sülh bəxş edir”.

İsrailli pianoçu Matan Şani: “Bu, mənim Azərbaycana ilk səfərimdir. Bura o qədər füsunkardır ki, özümü çox xoşbəxt və sanki öz evimdəki kimi rahat hiss edirəm. Şəhərin heyranedici bir memarlığı, insanlarının isə inanılmaz bir səmimiyyəti və mehribanlığı var.

Belə möhtəşəm bir festivalın bir parçası olmaq mənim üçün böyük şərəfdir. Şahin Növrəsli bənzərsiz bir musiqiçidir; onun yaradıcılığı haqqında çoxdan eşitmişdim və indi onunla eyni layihədə əməkdaşlıq etməkdən xüsusi zövq alıram. Ümumiyyətlə, fərqli ölkələrdən olan musiqiçilərin bir araya gələrək ortaq sənət yaratması valehedicidir.

Bu səfər sayəsində zəngin Azərbaycan musiqisi ilə daha yaxından tanış olmaq imkanı qazandım. Muğam haqqında əvvəllər də çox eşitmişdim. Keçən gün İçərişəhərdəki kafelərin birində oturarkən təsadüfən yerli musiqi sədaları eşitdik. Qrupumuzun üzvləri ilə birlikdə sadəcə susub, heyranlıqla o melodiyanı dinlədik. Bu musiqinin ruhunda mistik, sehrli bir qüvvə var. Həmin əsərləri sonradan da dinləyə bilmək üçün dərhal mobil tətbiq vasitəsilə adlarını tapıb yaddaşa yazdım. Onları hər zaman böyük məmnuniyyətlə dinləyəcəyəm!”

Bütün xəbərlər Facebook səhifəmizdə