“Azərbaycan təsviri sənətinin inciləri: Qızıl kolleksiya” sərgisinin təqdimatı keçirilib

“Azərbaycan təsviri sənətinin inciləri: Qızıl kolleksiya” sərgisinin təqdimatı keçirilib

İyulun 8-də Azərbaycan Dövlət Rəsm Qalereyası və bp şirkətinin əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində Muzey Mərkəzində yenilənmiş sərgi zallarının rəsmi açılışı və “Azərbaycan təsviri sənətinin inciləri: Qızıl kolleksiya” sərgisinin təqdimatı baş tutub.

SİA xəbər verir ki, layihə çərçivəsində bp şirkətinin dəstəyi ilə Muzey Mərkəzinin sərgi zalları əsaslı şəkildə yenilənib. Ziyarətçilərə daha innovativ və interaktiv sərgi təcrübəsi təqdim etmək məqsədilə immersiv texnologiyalar əsasında xüsusi sərgi məkanı yaradılıb.

Bununla yanaşı, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bir sıra sənət əsərlərinin çərçivələri də yenilənərək onların daha keyfiyyətli və estetik şəkildə nümayişi təmin edilib.

Sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunan zəngin təsviri sənət irsinin, milli bədii ənənələrin inkişaf mərhələlərinin və müxtəlif nəsilləri təmsil edən görkəmli rəssamların yaradıcılığının geniş ictimaiyyətə təqdim olunması məqsədilə təşkil edilib.

Ekspozisiyada Azərbaycan təsviri sənəti tarixində mühüm yer tutan ustad sənətkarların yaradıcılığından seçilmiş 80-ə yaxın rəngkarlıq, qrafika və heykəltəraşlıq əsəri nümayiş etdirilir.

Sərgi sentyabrın 15-dək davam edəcək. Ziyarətçilər burada Azərbaycan təsviri sənətinin ən dəyərli nümunələri ilə yaxından tanış olmaq, milli incəsənətin zəngin irsini, estetik və tarixi əhəmiyyətini daha dərindən öyrənmək imkanı əldə edəcəklər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə