Bakıda “İnklüziv İncəsənət Günləri” festivalının birinci günü keçirilib
3 iyul 2026-cı il tarixində Bakıda, TheLandMark Rotunda-da “İnklüziv İncəsənət Günləri” festivalının birinci günü keçirilib.
SİA xəbər verir ki, festival Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Biz Bir Ailəyik Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyinin rəsmi tərəfdaşlığı ilə baş tutub.
Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin istedad və bacarıqlarını nümayiş etdirmək, onların sosial və mədəni həyata daha fəal şəkildə qoşulmasına dəstək olmaq, cəmiyyətdə inklüziv dəyərlərin təbliğinə töhfə verməkdir.
Festivalın birinci günü iştirakçıların qeydiyyatı və qonaqların qarşılanması ilə başlayıb. Daha sonra “İnklüziv İncəsənət Sərgisi”nin rəsmi açılış mərasimi keçirilib, qonaqlar sərgi zonası ilə tanış olub və iştirakçıların əl işləri, yaradıcılıq nümunələri, incəsənət işləri haqqında məlumat alıblar.
Rəsmi hissədə əvvəlcə Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Himn Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin şagirdləri tərəfindən işarət dilində təqdim olunub.
Tədbirin açılış nitqi ilə layihə rəhbəri, “Biz Bir Ailəyik Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyinin sədri Günay Ağazadə çıxış edib. O, çıxışında layihənin əsas məqsədindən danışaraq əlilliyi olan şəxslərin istedadlarının cəmiyyətə təqdim olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu cür tədbirlər yalnız bir sərgi və ya bədii proqram deyil, eyni zamanda cəmiyyətə verilən sosial mesajdır. Günay Ağazadə qeyd edib ki, hər bir insanın öz bacarığını nümayiş etdirmək, sosial-mədəni həyatda iştirak etmək və dəyər görmək hüququ var.
Daha sonra Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında festivalın əhəmiyyətindən danışıb. O bildirib ki, incəsənət insanlar arasında körpü yaradan, fərqlilikləri birləşdirən və hər kəsə özünü ifadə etmək imkanı verən güclü vasitədir. Deputat belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayaraq tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxışında “İnklüziv İncəsənət Günləri” festivalının cəmiyyət üçün mühüm sosial əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, əlilliyi olan şəxslərin istedad və bacarıqlarının üzə çıxarılması, onların ictimai-mədəni həyatda fəal iştirakı və cəmiyyətdə inklüziv düşüncənin gücləndirilməsi hər kəsin ortaq məsuliyyətidir. Deputat bildirib ki, bu cür layihələr insanların bir-birinə daha həssas, diqqətli və anlayışlı yanaşmasına şərait yaradır. Müşfiq Cəfərov həmçinin əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsinin vacibliyini qeyd edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Rəsmi hissədə çıxış edən
Sosial Xidmətlər Agentliyinin Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi filialının müdiri Raqif Zamanov çıxışında sosial xidmətlər sahəsində inklüziv yanaşmanın əhəmiyyətindən bəhs edib. O bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı onların özünəinamının artmasına, istedadlarının tanınmasına və sosial münasibətlərin güclənməsinə şərait yaradır.
Rəsmi çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Proqramda musiqili ifalar, qarmon ifası, bədii qiraət, tar ifası, rəqs nömrələri və digər yaradıcılıq təqdimatları yer alıb. Səhnəyə çıxan iştirakçılar öz istedadları ilə tədbirə xüsusi rəng qatıblar.
Tədbirin birinci günü çərçivəsində iştirakçılar üçün masterklasslar da təşkil olunub. Qonaqlar sərgi ilə sərbəst tanış olmaq, iştirakçılarla ünsiyyət qurmaq və onların yaradıcılıq işləri haqqında ətraflı məlumat almaq imkanı əldə ediblər.
Festivalın əsas tərəfdaşları Sirab, Min Bərəkət və Halal Nemət, tərəfdaşları isə UNEC İnklüziv Təhsil Mərkəzi, Arter, Kartpak, Ümidgəl İnklüziv Yaradıcılıq Birliyi, MAY Akademiya və Luxury Party 360-dır. Tədbirin təşkilati dəstəkçiləri sırasında UNEC Dizayn Məktəbi, Land Mark Hotel və StandPro MMC yer alır.
“İnklüziv İncəsənət Günləri” festivalının media tərəfdaşları ARB 24, İTV, Səs TV, Gündəlik.az, Aliyev Projects və Elegant Media-dır.
Tədbir iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb. Festival bir daha göstərib ki, incəsənət hər kəs üçündür, fərqlilik maneə deyil, dəyərdir və hər bir istedad görünməyə layiqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB