Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Prezident Kitabxanasında 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlanaraq istifadəyə verilib.

Kitabxanadan SİA-ya bildirilib ki, sərgi kitab mədəniyyəti, müəllif hüquqlarının qorunması və əqli mülkiyyətin cəmiyyət həyatındakı rolu ilə bağlı nəşrləri əhatə edir.

Virtual sərgidə yer alan materiallar müəllif hüququnun formalaşma tarixindən müasir hüquqi mexanizmlərə qədər uzanan inkişaf xəttini ardıcıl şəkildə təqdim edir. Nəşrlərdə müəllif əməyinin qorunması prinsipləri, yaradıcılıq məhsullarının hüquqi müdafiəsi, eləcə də kitabın bilik və mədəniyyət daşıyıcısı kimi rolu izah olunur.

Sərgi əqli mülkiyyət anlayışının məzmununu və onun beynəlxalq səviyyədə tənzimlənməsi məsələlərini də əhatə edir. Bu yanaşma müəllif hüquqlarının yalnız hüquqi mexanizm deyil, həm də mədəni inkişaf və intellektual mühit üçün əsas amillərdən biri olduğunu önə çıxarır.

Prezident Kitabxanasının hazırladığı virtual sərgi oxucular üçün müəllif hüquqları və kitab mədəniyyəti barədə dolğun və sistemli informasiya mənbəyi kimi çıxış edir. Sərgi mövzu üzrə biliklərin genişlənməsinə, mütaliəyə marağın artmasına və müəllif əməyinə hörmətin güclənməsinə xidmət edir.

Virtual sərgiyə bu linkdən istifadə etməklə daxil ola bilərsiniz: https://www.preslib.az/az/virtual/books/FGRalKt

Bütün xəbərlər Facebook səhifəmizdə