İtkinlər mövzusunda qısametrajlı bədii-sənədli film təqdim olunub

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış “Coğrafiya müəllimi” adlı qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Medianın İnkişafı Agentliyinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları, QHT rəhbərləri, filmdə rol almış şəxslər, həmçinin aparıcı media nümayəndələri iştirak ediblər.

Qısametrajlı bədii-sənədli film Birinci Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə qatılmış Şuşa sakini, 1992-ci ilin mayında Şuşanın işğalı zamanı itkin düşmüş, hələ də taleyindən heç bir xəbər olmayan Nəsir Hüseynqulu oğlu Bağırovun təsirli həyat hekayəsindən bəhs edir.

Filmdə əsas qəhrəman roluna Nəsir Bağırovun doğma nəvəsi və itkin babasının adını daşıyan məktəbli - 167 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Nəsir Bağırov çəkilib.

Ekran əsərinin ssenari müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, quruluşçu rejissoru Xəyyam Abdullazadədir.

Film Qarabağ müharibəsində itkin düşmüş minlərlə Azərbaycan vətəndaşına həsr edilib. Film xarici auditoriyaya da çatdırılmaq üçün ingilis dilində alt yazılarla hazırlanıb.

İctimai baxışdan sonra tanınmış ictimai xadimlər, müxtəlif QHT təmsilçiləri ekran işi ilə əlaqədar fikirlərini bölüşüb, onların sualları cavablandırılıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi itkinlər mövzusunda uğurlu layihələrin dəstəklənməsi işini bundan sonra da davam etdirəcək. Agentlik 2024-cü il üçün elan etdiyi müsabiqələrdə əsas istiqamətlərdən biri kimi itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair layihə təkliflərinə üstünlük verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə