"Azərbaycan mədəniyyətinin inkişafında tarixi hadisələr baş verib" - ŞƏRH EDİLDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 illik fəaliyyətində Azərbaycan mədəniyyətinin inkişafında həqiqətən tarixi hadisələr baş verib. İlk növbədə mədəniyyətin inkişafı üçün böyük maddi baza lazımdır. Bu baxımdan 2003-cü ildən sonra Azərbaycanda dil, incəsənət, ədəbiyyat və mədəniyyətin digər sahələrinin daha da inkişaf etməsi üçün mühüm maddi imkanlar təmin olunub. Azərbaycan dilinin inkişaf etdirilməsi baxımından yüksək siyasi iradə göstərilib. Bu istiqamətdə bir sıra sərəncamlar verilib, dövlət proqramları qəbul olunub. Bu işlər Ümummilli Lider Heydər Əliyevin qoyduğu ənənə üzrə uğurla davam etdirilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

N.Cəfərov qeyd edib ki, Azərbaycan ədəbiyyatının inkişafı üçün lazımi qurultaylar keçirilib, qərarlar qəbul olunub. Azərbaycan Yazıçılar Birliyinin orqanları, “Ədəbiyyat və İncəsənət qəzeti”, “Ulduz”, “Azərbaycan”, “Qobustan” jurnalları vaxtaşırı şəkildə nəşr olunub və Azərbaycan ədəbiyyatının dünyada tanıdılması üçün mühüm addımlar atılıb. Bu sahədə dəfələrlə həm ölkə daxilində, həm də dünya miqyasında kitab sərgiləri keçirilib. Hansı ki, bunlar Azərbaycan ədəbiyyatının dünyada tanınmasında böyük rol oynayıb. Dövlət hər zaman ədəbiyyatın yayılması, nəşri məqsədi ilə çox ciddi maliyyə vəsaiti sərf edib. Hansı ki, bu da bizim milli ədəbiyyatımızın təbliğinə sərf olunub. Bu gün Azərbaycanda istər dünya, istərsə də Azərbaycan ədəbiyyatı ilə bağlı demək olar ki, heç bir problem yoxdur.

Musiqi, təsviri sənət, teatr sahəsində də çox ciddi tərrəqi müşahidə edirik. Musiqi sahəsində Azərbaycan muğamı bütün dünyanı fəth edib, aşıq sənəti və onun inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb. Xüsusilə Aşıqlar Birliyinin yaradılması, Gədəbəydə Aşıqlar muzeyi təsis edilməsi musiqi sahəsindəki nailiyyətlərimiz sırasında yer alır. Eyni zamanda Azərbaycan Bəstəkarlar İttifaqı günümüzdə olduqca intensiv fəaliyyət göstərir.

Şuşada keçirilən “Xarı Bülbül” festivalı isə incəsənətə verilən diqqət və qayğının ən gözəl təzahürüdür. Teatr və kino sahəsində görülən işlər də olduqca uğurludur. Təbii ki, dünyada teatrla bağlı problemlər mövcuddur və Azərbaycan teatrı da bu problemlərlə üzləşir. Lakin Azərbaycan teatrı durmadan inkişaf edir, yeni nəfəs gətirir. Ümumiyyətlə mədəniyyət və incəsənətin elə bir sahəsi yoxdur ki, orada inkişaf və tərəqqi olmasın”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə