III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb - FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə 8-11 oktyabr tarixlərində paytaxtımızda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb. SİA xəbər verir ki, oktyabrın 11-də Heydər Əliyev Mərkəzində festivalın bağlanış mərasimi keçirilib. Əvvəlcə dörd gün davam edən festivala həsr olunan videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını salamlayıb, festivalın əhəmiyyətini yüksək qiymətləndirib: "Azərbaycan filmi türk kino sənətinin vacib hissəsidir və inkişaf etməkdədir. Azərbaycan kinematoqrafiyasının türk kino sənətinin tərkib hissəsi olaraq, bu tərkibə qatqısı çox böyükdür. Mən inanıram ki, bütün bunların dəstəyi ilə türk filmi, türk kinematoqrafiyası dünya filmində xüsusi yerini tapacaq. Mən kino sahəsinə diqqət və qayğısına görə Bakı Media Mərkəzinin direktoru Arzu Əliyevaya təşəkkür edirəm. Biz bu diqqət və qayğını müasir Azərbaycan filminin inkişafında görürük.
Nazir həmçinin növbəti "Korkut Ata" Türk Dünyası Film Festivalına ev sahibliyi edəcək Türkmənistana uğurlar arzu edib.
Tədbir çərçivəsində çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, "lll “Korkut Ata" Türk Dünyası Film Festivalı birliyimizin, qardaşlığımızın, ortaq gələcək inşa etməyimizin bir nümunəsidir: "Burada olanda bu müqəddəs torpağın gücünü hiss edirik. Biz burada Nizami Gəncəvinin, Üzeyir Hacıbəylinin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Bülbülün ruhunu hiss edirik".
Sonra III “Korkut Ata” Türk Dünyası Film Festivalının müsabiqə proqramı üzrə qalib filmlərin adları açıqlanıb.
Qaliblərə mükafatlar Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumçu tərəfindən təqdim edilib.
Mədəniyyət naziri Adil Kərimli “Korkut Ata” festivalının mükafat simvolunu gələn il dördüncü festivala ev sahibliyi edəcək Türkmənistana uğurlar arzu edib.
Daha sonra mərasim bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB