“Azərbaycan İslam mədəniyyətinin daşıyıcılarından biridir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimlinin İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında iştirakı bu təşkilatın ümumi işidir. Çünki Azərbaycan da İslam mədəniyyətinin daşıyıcılarından biridir. Biz hər zaman bu tipli qurumlarda fəal iştirak edirik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə İslam dünyasında da nüfuzu genişlənib: “İşğaldan azad edilmiş ərazilərimizdə vaxtikən təcavüzkarlar bizim mədəniyyət abidələrimizi dağıdıblar. Bu gün isə həmin ərazilərdə, Qarabağda, Şərqi Zəngəzurda abidələrin bərpası işləri gedir. Həmin abidələrin isə böyük bir hissəsi İslam mədəniyyəti abidələridir. Xüsusilə də məscidlərimizin yenidən qurulması və bərpası işləri ilk sırada yer tutur.

İslam mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan mədəniyyəti və abidələrinin qorunması, bərpası və tanıdılması çox mühüm məsələdir. Eləcə də Şuşa Azərbaycan, türk şəhəri olmaqla yanaşı, həm də müsəlman şəhəridir. Bu mənada Azərbaycan Mədəniyyət nazirinin də konfrans zamanı bu məsələlərə toxunması olduqca önəmli idi. Eyni zamanda Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı son zamanlarda ciddi proqramlar hazırlanır. Mədəniyyətimizdə 2040-cı ilə qədər hansı perspektivlərin gözləməsi məsələləri müzakirə olunur. Bu fonda Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı məlumat verilməsi də olduqca əhəmiyyətlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə