“Azərbaycanda serial həvəskarları kifayət qədər çoxdur“ - DEPUTAT DANIŞDI

“Azərbaycanda serial çəkilişləri ilə bağlı məsələlərin tez-tez gündəmə gəlməsi təbiidir. İlk növbədə ona görə ki, Azərbaycanda serial həvəskarları kifayət qədər çoxdur. Bu da Azərbaycanda nə zaman populyar serial çəkiləcəyi sualını doğurur. Serial çəkilikləri istiqamətində müəyyən təcrübəmiz var. Düzdür, zəngin təcrübə olmasa belə, istənilən halda çəkiliş üçün yaxşı rejissor, aktyor potensialı var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, əsas məsələ isə ölkəmizdə həm tarixi, həm də müasir dövrü əks etdirə biləcək zəngin imkanların olmasıdır:

“Bu gün Azərbaycan xalqı öz ərazi bütövlüyünü təmin edir. Azərbaycan dövlətinin yürütdüyü siyasət sayəsində ölkəmizdə sürətli inkişaf gedir. Bütün bunlar isə xalqın inkişafı və davranış sisteminə ciddi təsir edir. Bu inkişaf isə yaxşı ssenarilər əsasında serialımıza da gəlməlidir.

Lakin serial çəkilişi məsələsində müəyyən təşəbbüslər olsa belə, televiziyalara buna bir o qədər maraq göstərmir. Görünür ki, televiziyaların buna ayıra biləcək maddi imkanları olmadığından, problemlər yaşanır. Amma istənilən halda təşəbbüslər genişləndirilməli, serial çəkilişi ilə bağlı ciddi addımlar atılmalıdır. Son dövrlərdə Mədəniyyət nazirliyi məsələyə xüsusi diqqət ayırır. Düşünürəm ki, bu öz nəticəsini verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə