Teatra maraq niyə azalıb? - AYDINLIQ GƏTİRİLDİ

"Əslində, teatrlara bu gün də maraq var, sadəcə texnikanın inkişafı və texnoloji imkanların teatrın imkanlarından çox irəlidə olması insanları teatrdan uzaq salıb. Bu gün teatrın texniki bazasını gücləndirsək və ən müasir texnikalarla səhnələr qurub tamaşaçı qarşısına çıxsaq, o zaman insanlar yenə də sevə-sevə gəlib bizi izləyəcəklər. Onlar evdə oturub kimdənsə nəsə eşidirlər və elə düşünürlər ki, teatrlara heç kəs getmir". Bu sözləri SİA-ya Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı deyib.

"Məsləhət görərdim ki, hər kəs bilet alıb bir dəfə də olsa, teatra gəlsin. O zaman görəcəklər ki, zallar düşündükləri qədər də boş deyil. Hamı evdə oturub desə ki, teatrlara heç kim getmir, təbii ki, zallar da boş qalacaq. Onu da qeyd edim ki, teatrda aktyor və ya aktrisa üçün ali təhsil önəmlidir. Bəli, keçmişdə heç bir təhsil almayan yaxşı aktyorlarımız var idi. Bu, öncələr elə idi. Amma bu gün, sosial platformaların inkişaf etdiyi bir dövrdə aktyor və aktrisa təhsilsiz ola bilməz".

A.Babalı sözlərinə davam edərək bildirib ki, teatr yaranandan bu günə kimi insanların qarşısına çıxan problemlərin həlli yollarını göstərməyə çalışıb: "İstər klassika, istər müasir dramaturgiyanın səhnə həlli, birmənalı şəkildə müasir insan problemlərinin həllinə yardımçı olmaq niyyəti güdüb. Teatra gedən şəxs yerli və dünya ədəbiyyatında olan əsərlərin tamaşasını izləyərək də, onlar barədə məlumatlı olur. Bu, həm də mədəni dəyərlərin formalaşması, daxili estetik kultun yaranması deməkdir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə