“Azərbaycan dili və ədəbiyyatı” Forumu yaddaşlarda necə qaldı? - MÖVQE BİLDİRİLDİ

“Azərbaycan dili və ədəbiyyatı” Forumu çox mötəbər bir tədbir idi. Onu əhəmiyyətli edən ilk məqam isə Forumun Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilməsi idi. Baş tutan Forum bu il ərzində Mədəniyyət Nazirliyi tərəfindən keçirilən ən böyük və sanballı tədbirlərdən idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, Ulu Öndər Azərbaycan dilinin böyük hamisidir: “Buna görə də keçirilən Forum ilk növbədə bizim yaradıcı insanlar ilə Mədəniyyət Nazirliyi rəhbərliyinin Ulu Öndərə ehtiramı idi.

Mədəniyyət Nazirliyi 2040-cı ilə qədər mədəniyyətimizin inkişafı ilə bağlı artıq xüsusi bir konsepsiyaya başlayıb. Yeni mədəniyyət naziri Adil Kərimli gənc olmasına baxmayaraq, yaradıcılıq imkanları ona böyük təcrübə qazandırıb. Gördüyü işlər, ortaya qoyulan məsələlər də bunun nəticəsidir.

Üç gün baş tutan Forumda müzakirələr aparılan bölmələrin hər biri həqiqətən cəmiyyət tərəfindən də diqqət çəkən və müzakirə doğuran məsələlər idi. Forumda Azərbaycan dili, ədəbiyyatı, teatr, uşaq ədəbiyyatı və s. bu kimi məsələlər müzakirə olundu. Azərbaycan dili dünyanın inkişaf etmiş dilləri sırasındadır. Eyni zamanda Azərbaycan dili öyrənilməyə cəhd olunan 15 dildən biridir. Bu da dünya üçün dilimizin nə qədər maraqlı olduğunun göstəricisidir.

Azərbaycan dili mərkəzdə olmaq şərtilə Forumda Azərbaycan ədəbiyyatı ilə bağlı məsələlər də müzakirə olundu. Bütün hallarda cəmiyyətin inkişafı fonunda bu məsələlər üzrə düşünülürdü. İlk dəfə idi ki, Azərbaycan dili ünsiyyət vasitəsi kimi yox, sözün geniş mənasında mədəniyyət hadisəsi kimi müzakirə obyektinə çevrildi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə