“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,
mənəviyyət, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi
hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdəndir....”

Heydər Əliyev

Yubileylər bir növ yaşanmış illərin hesabatıdı. Istər fərd olaraq şəxsi həyatımızda, istərsə də kollektiv olaraq ictimai fəaliyyətimizdə bu belədir.Yaşanan illərin hesabatı, görülən işləri analiz etmək, səhvlərdən nəticə çıxarıb yaxşı işdən qürur duymaq insanı da, kollektivi də daha məsuliyyətli edir, daha gözəl işlər görməyə, həvəslə, ruh yüksəkliyi ilə işləməyə sövq edir.

Qeyd etmək istərdim ki, artıq ikinci rübünü yola saldığımız 2023-cü il biz kitabxana işçiləri üçün yubileylər ili olaraq yadda qalacaq. Belə ki, nümunəvi xidmətiylə, gözəl ənənələri, yaddaqalan tədbirləri, unudulmaz görüşləriylə tanınan oxucu ünvanlarından biri S. Vurğun adına Mərkəzi kitabxana bu il 65 yaşını qeyd edir. Həmçinin şəhərimizin ilk uşaq kitabxanası olan, kiçik yaşlılara - şəhərimizin gələcək qurucularına xidmət məqsədi ilə açılan Mərkəzi Uşaq Kitabxanasının 70 yaşı, Ə. Vahid adına kitabxana filialın 50 yaşı, M. Ə. Sabir adına kitabxana filialın 45 yaşı, N. Gəncəvi adına Kitabxana Klubun isə 35 illik yubileyi qeyd olunur. Bu təbliğat ocaqlarında çalışan, qəlbinin nurunu, ağlının ziyasını, mehriban təbəssümünü oxucularla bölüşən, hər oxucu minnətdalığında payı olan əməkdaşlarımızın hər biri alqışa layiqdir.

Sumqayıt şəhər MKS-ə daxil olan kitabxanaların metodiki mərkəzi olan S. Vurğun adına Mərkəzi Kitabxana ötən əsrin 70-ci illərindən respublika kitabxanalarının təcrübə bazası olaraq tanınıb. Kitabxana bu gün də oxuculara xidmət işinin keyfiyyətinin yaxşılaşmasına, mütaliənin təbliği və təşkilinə yardımçı olmaq məqsədilə öz yorulmaz fəaliyyətini davam etdirir.

Respublika Prezidentinin və dövlətimizin qərar və göstərişlərinin, sərəncamlarının oxucular arasında təbliği təbliğat müəssisəsi olaraq kitabxanalarımızın fəaliyyətində həmişə ön planda olmuşdur. Bu cəhətdən kitabxanalarda Respublika Prezidenti tərəfindən klassik şeirin böyük ustadı, poeziyanın sönməz günəşi Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi, zəngin maddi-mədəni irsə, tarixi keçmişə malik olan Qarabağın tacı Şuşanın 270 illik yubileyi ilə bağlı 2022-ci ilin respublikada “Şuşa ili” elan edilməsi, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin, Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xətti, imzası ilə tanınan sənətkarlarımızdan Məmməd Səid Ordubadinin və milli mətbuatımızın böyük nümayəndəsi, görkəmli publisist və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illik yubileylərinin, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinin, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə bağlı verilən sərəncamların icrasını təmin etmək məqsədilə bir-birindən maraqlı tədbirlər - istedadalar müsabiqəsi, rəsm və bədii qiraət müsabiqələri, oxucu konfransları, ədəbi-bədii gecələr, poeziya saatları, intellektual oyunlar, “Açıq qapı” günləri keçirilmiş, şəhərimizin istirahət guşələrində və parklarda səyyar sərgilər təşkil olunmuşdur.

Kitabxanalarımızda zaman-zaman bir-birindən maraqlı müsabiqələr, intellektual yarışlar, viktorinalar keçirilib və bu gün də keçirilməkdədir. Sağlam rəqabətə söykənən, elmin, təhsilin, bədii yaradıcılığın, özfəaliyyətin inkişafı naminə düzənlənən belə tədbirlər istedadlı uşaqların üzə çıxarılması, onların fiziki, zehni və yaradıcılıq qabiliyyətinin inkişafına yardımçı olmaq məqsədilə təşkil edilir. Belə ki, S. Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı, MKS-ə daxil olan kitabxanaların poeziyasevər oxucularının iştirakı ilə dahi Nizaminin 880 illik yubileyinə, Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqələri, hərbi vətənpərvərlik mövzusunda hekayələrdən ibarət “Bədii ədəbiyyatda Vətən sevgisi” adlı səsli hekayə müsabiqəsi, faşizm üzərində Qələbənin 75 illiyi ilə əlaqədar esse yazı müsabiqəsi, tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən savaşının zəfər ünvanı, “Şuşa ili”nə həsr olunmuş istedadlar müsabiqəsi, “Şuşa ili” çərçivəsində buklet müsabiqəsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə vətənpərvərlik mövzusunda poeziya nümunələrindən ibarət onlayn bədii qiraət müsabiqəsi, Aprel şəhidlərinin əziz xatirəsinə həsr olunmuş bədii qiraət müsabiqəsi, Hüseyn Сavidin 140 illiyinə həsr olunan “Qız məktəbi” adlı şeir müsabiqəsi kitabxanamızda təşkil olunan unudulmaz tədbirlərdəndir.

Kitabxanalarda oxuculara xidmət işinin keyfiyyətinin yaxşılaşmasına, oxucular arasında mütaliənin təbliği və təşkilinə yardımçı olmaq məqsədilə S. Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə ilbəil bir-birindən maraqlı layihələr irəli sürülüb. “Kitabla dünyanı fəth edək”, “Sən mütaliə edirsənmi?”, “1 Kitabxana – 1 Yazıçı”, “Dahi Nizami”, “Elm və texnologiya ili”, “Yayı kitabla keçirək” layihələri belə maraqlı layihələr sırasındadır.
Və yubiley ilində MKS kitabxanaları arasında daha bir maraqlı layihə - S. Vurğun adına Mərkəzi kitabxananın təşəbbüsü ilə “Bizi tanıdanları biz də tanıdaq” adlı layihə irəli sürülüb.

Məhz bu layihə çərçivəsində tanınmış həkim-filosof, yazıçı-publisist Hümbət Həsənoğlu kimi dəyərli ziyalılarımızın təşəbbüsü və dəstəyi ilə yaradılan Sumqayıt “Dostlar klubu”nun yaradıcı heyəti və üzvləri ilə tez-tez kitabxanalarımızda maraqlı görüşlər, müzakirələr təşkil olunur. Yeri gəlmişkən qeyd edim ki, Sumqayıt “Dostlar klubu”nun gənc oxucuların həvəsləndirilməsi, mütaliənin təbliği ilə bağlı, gərəkli tədris və oxunaqlı bədii ədəbiyyatların fondumuza hədiyyə edilməsi baxımından önəmli fəaliyyəti olduqca təqdirəlayiqdir.
Layihə çərçivəsində keçirilən və ilboyu keçiriləcək tədbirlər elmi və yaradıcı işlə məşğul olan istedadlı insanların oxuculara tanıdılması, vətənimizin rifahı naminə gördükləri misilsiz işlərin, uğurla nəticələnən tədqiqatlarının cəmiyyətə təqdim olunması məqsədinə xidmət edəcəkdir.
İllər bizi nəcib, gözəl, ləyaqətli insanlarla görüşdürəndə daha yaddaqalan olur...

Bu il 65 yaşını qeyd edən Səməd Vurğun adına Mərkəzi kitabxanada neçə-neçə istedadına, qələminə sayğı duyduğumuz yaradıcı insanla – şair və nasirlərimizlə zaman-zaman xatirələrdən silinməyən, yaddaşlarda iz salan görüşlərimiz olub.... İllərlə birgə yaşlansa da məqsədi, məramı hər zaman təzə-tər olan kitabxanamızda “Oxucu ilə üz-üzə” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri - Sabir Rüstəmxanlı, Fikrət Qoca, Vaqif Səmədoğlu, Baba Vəziroğlu, Seyran Səxavət, Əlisəfa Azayev, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, İqbal Nəhmət, sumqayıtlı yazarlarımızdan Əşrəf Veysəlli, Əvəz Mahmud Lələdağ, Ağalar İdrisoğlu, Eyruz Məmmədov, Arif Ərşad, Hümbət Həsənoğlu, İbrahim İlyaslı, Varis Yolçuyev, Əyyub Qiyas, Sevinc Qərib, haqq dünyasına qovuşan Vaqif İbrahim, Sabir Sarvan və daha neçə-neçə istedadlı qələm sahibləri tez-tez oxucuların görüşünə gəlib. Ruhumuzu qidalandırıb, asudə vaxtımızın əyləncəsinə çevrilib, kitabı, mütaliəni sevməyə, bizi yaşayıb yaratmağa həvəsləndirib elm, ürfan, kəlam ocağında keçirilən belə görüşlər.

Həmçinin Mərkəzi Uşaq Kitabxanasında, uzun illər uşaq kitabxanası kimi fəaliyyət göstərən Nizami Gəncəvi adına Kitabxana Klubda Rafiq Yusifoğlu, Məmməd Namaz, Məmməd Aslan, Mir Sabir, Gülzar İbrahimova, İlyas Tapdıq kimi uşaqları öz dilində dindirməyi bacaran yazarlarımız oxucuların görüşünə gəlib, onların kiçik qəlbini bədii sözün ecazkar sehriylə ovsunlayıb. Mirzə Ələkbər Sabir adına, Əliağa Vahid adına kitabxana filiallar hər zaman ziyalılarımızın, sumqayıtlı yazarlarımızın oxucularla görüş yeri, təbliğat ünvanı olub.

Dahilərimizin, ölməz söz sənətkarlarımızın duyğu və düşüncələrindən keçib cild-cild kitablara çevrilən söz sərvətinin saxlanc yeri, alimin də, şairin də, yurdumuzun keşikçisi qəhrəman ərlərin də zaman – zaman üz tutduğu bir məbəddir kitabxana. Bu gün könül verib yaşadığımız Sumqayıtda mütaliəsevərləri öz ətrafına yığmağı bacaran kitabxanalarımız zəngin fondu, xidmət personalı ilə oxucularımızın hər zaman xidmətindədir. Peşəyə vurğunluq, işə məsuliyyətlə yanaşmaq uğura aparan yoldu. Əminliklə deyə bilərik ki, biz uğurlarımızın hələ astanasındayıq.

Pərvanə QASIMOVA,
Sumqayıt şəhərindəki Səməd Vurğun adına Mərkəzi kitabxananın əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə