M.Kunderanın ölüm xəbərini Fransanın “Le Monde” qəzeti və Çexiya dövlət televiziyası verib

“Varlığın dözülməz xəfifliyi” romanı başda olmaqla, ədəbiyyat aləmində çoxlu əsərlər qoyan Fransa və Çexiya vətəndaşı Milan Kundera 94 yaşında dünyasını dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, Kunderanın ölüm xəbərini Fransanın “Le Monde” qəzeti və Çexiya dövlət televiziyası verib.

Dəfələrlə Ədəbiyyat üzrə Nobel Mükafatı üçün namizədliyi irəli sürülsə də, bunu ala bilməyən, lakin romanları, hekayələri, pyesləri, esseləri və şeirləri ilə ədəbiyyat aləminin tanınmış simalarından biri olan Milan Kundera yaradıcılığa 1967-ci ildə “Zarafat” romanı ilə başlayıb.

Brnoda (Çexiya) anadan olan Kundera 1981-ci ildə Fransa vətəndaşlığını almışdı.

1980-ci illərin ortalarından mətbuata müsahibə verməməsi ilə diqqət çəkən Milan Kunderanın əsərləri arasında "Gülümsəyən sevgi", "Gülün və unudun", "Həyat başqa yerdədir", "Sapdırılmış vəsiyyətlər", "Ölümsüzlük", "Şəxsiyyət" və "Roman sənəti" çox oxunan kitablar arasındadır.

Amerika İncəsənət və Elmlər Akademiyası ilə Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü olan Kundera “Yerusəlim” (1985), Avstriya Avropa Ədəbiyyat (1987), “Herder” (2000), Çexiya Milli (2007) və Franz Kafka (2020) mükafatlarının sahibi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə