“AZDRAMA-da 3 yeni tamaşa tamaşaçıların ixtiyarına veriləcək” - QURUM RƏSMİSİ AÇIQLADI

“150-ci teatr mövsümü Akademik Milli Dram Teatrının yaradcı heyəti üçün əlamətdar hadisələrlə yadda qalıb və məhsuldar teatr mövsümü kimi tarixə düşüb. Bu mövsüm ərzində teatrda “Xurşidbanu Natavan”, “Şükriyyə”, “Məlikməmməd” və “Göyçək Fatma” tamaşaları təhvil verilib. Bu tamaşaların ikisi uşaqlar üçün nəzərdə tutulub”. Bu sözləri SİA-ya açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyib.

Onun sözlərinə görə, teatr hazırda Ozurgetidə keçirilən beynəlxalq teatr festivalında ölkəmizi təmsil edir: “Bu festivalda teatrın repertuarında olan “Küknarlara məktub” tamaşası nümayiş etdiriləcək. Eyni zamanda teatr mövsümü ərzində yerli qastrollar həyata keçirilib. Bura Lənkəran, Şəki, Mingəçevir və Gəncə şəhərlərində olan səfərlər aiddir. İlin sonuna qədər Akademik Milli Dram Teatrında 3 yeni tamaşa teatrsevərlərin ixtiyarına veriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə