Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında “Ulu Öndər və Qarayev məktəbi” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və dahi bəstəkar Qara Qarayevin anadan olmasının 105 illiyinə həsr edilib. Tədbir Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadənin çıxışı ilə başlayıb: “Bu il xalqımız, dövlətimiz üçün əlamətdar bir ildir. Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Bu çərçivədə bir çox tədbirlərimiz baş tutub. Bu gün keçirilən tədbir isə iki dahi şəxsiyyətə həsr edilib.
Azərbaycanın bəstəkarlıq məktəbinə verdiyi töhvələr ilə seçilən dahi şəxsiyyətimiz Qara Qarayevin 105 illik yubileyidir. Mən Qara Qarayevin tələbəsi olmuşam. Onun bizə dediyi mühazirələrdə hər zaman modern bəstəkarların əsərlərini eşitmişik. Dəyərli müəllimimiz əsərləri böyük bir incəliklə izah edir, açıqlayırdı. Onun nitqində bu olar və ya olmaz sözləri yox idi.
Qara Qarayevin şöhrəti çox böyük idi, dövrünün ictimai xadimləri içərisində ən ön sırada gedirdi. Ölməz bəstəkarımız hələ tələbə ikən iki dövlət mükafatına layiq görülmüşdü. Demək olar ki, Qara Qarayevə Sovet İttifaqının bütün mükafatları verilmişdi. Hətta bunlardan birini məhz Ulu Öndər Heydər Əliyev təqdim etmişdi.
Lakin Qara Qarayev bütün uğurları və şöhrətinə rəğmən daim axtarışda idi. Ulu Öndər isə Qarayev yaradıcılığına böyük dəyər verirdi”.

Tədbirdə musiqi məktəblərinin nümayəndələri, gənc tələbələri də iştirak edirdilər. Belə ki, tədbirdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Ayaz Salahovun ifasında “Eskiz”, Amin Məhərəmməzadənin ifasında “İnsan məskən salır” kinofilmindən soundtrak, Aylin Babayeva tərəfindən isə Q.Qarayevin “Aişənin rəqsi” əsərləri səsləndirilmişdir.

Daha sonra isə Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı tərəfindən “Musiqi aləmində” jurnalının Qara Qarayevə həsr olunmuş yeni nömrəsinin təqdimatı keçirilib.

Tədbir Ulu Öndər və Qara Qarayevin yubileylərinə həsr olunmuş və Qara Qarayevin tələbələrinin Ulu Öndərə həsr etdiyi əsərlərdən video kadrların verilməsi ilə davam edib. Belə ki, Firəngiz Əlizadənin “İthaf”, Azər Dadaşovun Fortepiano ilə orkestr üçün Poema və Tofiq Bakıxanovun “Sən həmişə bizimləsən” əsərlərinin səsləndirildiyi video-görüntülər izlənilib. Eyni zamanda əsərlərlə bağlı məruzəçilərin çıxışları dinlənilib.

Tədbir Qara Qarayevin qızı, Qara Qarayev Ev-muzeyinin direktoru Züleyxa Qarayevanın çıxışı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə