Bakıda “İz” adlı portret sərgisi açılıb

“Q Gallery” qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və “Arts Council Azerbaijan” QHT-nin təşkilati dəstəyi ilə azərbaycanlı rəssam Röya Həsənin “İz” adlı fərdi sərgisinin açılışı olub.

Qalereyadan bildiriblər ki, 27 əsərdən ibarət sərgi Azərbaycanın mədəni irsində və tarixində dərin iz qoymuş görkəmli şəxsiyyətlərə həsr olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, “Arts Council Azerbaijan” QHT-nin rəhbəri Dadaş Məmmədov, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova Röya Həsənin yaradıcılığının xüsusiyyətlərindən danışıb, onun fəaliyyətini yüksək dəyərləndiriblər.

Natiqlər müəllifi fərdi sərgisinin açılması münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sərgidə rəssam, artist, bəstəkar, rejissor, aktyorların və digər tanınmış insanların portreti, eləcə də Azərbaycanın gözəl mənzərələri təqdim olunur. Rəssam deyib: “Təqdim olunan əsərləri üç ildən artıq müddətdə yaratmışam. Onu da deyim ki, portret janrı mənim üçün sevimli janrlardan biridir, hətta gənc yaşlarımda portret çəkirdim”.

Müəllifin sözlərinə görə, o, öz işləri vasitəsilə ölkəmizin tarixində, mədəniyyətində, incəsənətində, ictimai həyatında necə görkəmli şəxsiyyətlərin olmasını nümayiş etdirmək istəyir.

“Hər bir xalqın mədəni irsi onun sərvətidir. Mədəni irsimizi bilmək, qorumaq, inkişaf etdirmək və nəsildən-nəslə ötürmək hər birimizin borcudur. Bu dəyərləri qorumalıyıq ki, gələcək nəsillər baxıb qürur duysunlar”, - deyə R.Həsən vurğulayıb.

Qeyd edək ki, Röya Həsən ADMİU-nun təsviri sənət kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının, “Arts Council Azerbaijan” təşkilatının üzvüdür. O, ölkədə keçirilən çoxsaylı tədbirlərdə və ekspozisiyalarda iştirakla yanaşı, bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyə, ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, Lüksemburq, Rusiya, Çexiya, Gürcüstanda təşkil olunan sərgi və simpoziumlarda Azərbaycanı təmsil edib. R.Həsən 2015-ci ildə Gürcüstanda “Sotheby's Art House” tərəfindən təşkil olunan peşəkar proqramlarda iştirak edib. O, öz işlərində ekspressionizm və abstraksionizmə üstünlük verir.

Bütün xəbərlər Facebook səhifəmizdə