“İnan mənə” Qazax teatrının səhnəsində

Qazax Dövlət Dram Teatrı hal-hazırda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq görkəmli yazar, publisist, jurnalist, aktyor və rejissor, Respublikasının Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun eyni adlı pyesi əsasında yazmış olduğu lirik, mənəvi-psixoloji janrda qələmə alınan “İnan mənə” tamaşasını hazırlayır.

Tamaşada hadisələr respublikamızda ictimai-siyasi mühitin gərgin çağının yaratdığı sosial problemləri və bu problemlərdən doğan sosial ziddiyyətləri ön plana çıxarmaqla həmin dönəmin (1988-1992) sosial yaşamında müxtəlif çətinliklərlə qarşı-qarşıya gələn ziyalıların həyat mücadiləsini əks etdirir.

Qarışıq və xaotik bir durumun, antidemokratiyanın baş alıb getdiyi və hökm sürdüyü və az qala anticəmiyyətin öz “qanunlarını” diktə etdiyi bu dönəm, Elçin Poladlı kimi prinspial, dürüst, öz məslək və əqidəsində daima sabit qalan ziyalıları öz cənginə alsa da , onlar bu çətinliklərə sinə gərərək, vətənə, xalqa arxa çevirmir, bu məhrumiyyətlərə təhəmmül edərək, anticəmiyyətin qorxunc viruslarına qarşı yorulmadan mübarizə aparır və nəticə etibarı ilə təmiz və pak mənəviyyatları ilə öz arzu və istəklərinə çatmış olurlar.

Vətəni çətin gündə qoyub maddi və mənəvi problemlərini həll etmək məqsədi ilə başqa ölkələrə yürüş edən “ziyalılardan” fərqli olaraq Elçin Poladlı maddi, mənəv-psixoloji, habelə fiziki təzyiqlərə davam gətirərək, hər bir xoş olmayan başlanğıcın xoş bir sonluqla nəticələnəcəyi düşüncəsinə nikbinliklə yanaşır, Vətənin, ölkənin, xalqın dar bir günündə onun səngərində qalır, anticəmiyyətin yaratdığı sosial təzadlara üsyan edir.

Elçin Poladlı kimi mətin, əzmli, öz fikir və əqidəsində daim dəyişməz qalan ziyalılarımızın həyat və məişət problemlərini göstərən bu tamaşanın quruluşçu rejissoru, sənətşünasliq üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar artisti Xəzər Gəncəli, quruluşçu rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramovdur.

Tamaşada əsas rolları Yusif Qoca (Elçin Poladlı), Zəmanə Dərviş (Aysel), Minayə İbrahimova (Yasəmən), Aydın Orucov və Sərdar Rüstəmov (professor Əmirov), Elşad Əliyev (Vüqar), Əhməd Musayev (Emin) və başqaları ifa edirlər.

Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “İnan mənə” tamaşasının tezliklə geniş tamaşaçı kütləsinə nümayişi nəzərdə tutulur.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərlər Facebook səhifəmizdə