Moskvadakı Etnoqrafiya Kitabxanasında Azərbaycan ədəbiyyatı sərgisi açılıb

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə Moskvadakı Etnoqrafiya Kitabxanasında Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası, eləcə də Azərbaycanın görkəmli siyasi və ictimai xadimlərinə həsr olunmuş kitab sərgisi açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, RAGB Azərbaycan guşəsinin açılması məqsədilə ölkəmizin siyasəti, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı və təbiəti haqqında kitabları kitabxanaya bağışlayıb.

Sərginin açılış mərasimində çıxış edən RAGB sədri Ceyhun Hüseynov qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yaratdığı gənclər birliyi Azərbaycan mədəniyyətinin respublikadan kənarda yayılması və tanıdılması məqsədinə xidmət edir. “Bu gün Etnoqrafiya Kitabxanasına ölkəmizə həsr olunmuş ədəbiyyatı, eləcə də Azərbaycan müəlliflərinin əsərlərini hədiyyə etdik. Kitabxanaya bağışlanan kitablar arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlər xüsusi yer tutur”, - deyə C. Hüseynov bildirib.

Şərq inzibati dairəsi mədəniyyət mərkəzləri birliyinin baş direktoru Aleksandr Moskalyov RAGB ilə çoxdan bəri davam edən əməkdaşlıqdan danışıb: “Bu, bizim ilk birgə tədbirimiz deyil. Bu gün dostlarımız Etnoqrafiya Kitabxanasına Azərbaycan haqqında kitabları hədiyyə edirlər. Bu çox əhəmiyyətli bir kitab seçimidir. Azərbaycanın mədəniyyəti zəngin, qədim və çoxşaxəlidir və oxucularımız üçün onunla tanış olmaq maraqlı olacaq”.

Sərgi iyunun 5-nə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə