Bəhruz Quliyev "Qızıl Disk" mükafatına layiq görülüb -YENİLƏNİB-FOTOLAR

Bu gün "Zirvə” islahatlara dəstək mərkəzi İctimai Birliyinin mətbuat xidmətinin rəisi Nüranə Andronovanın və Elçin Axundzadənin təşkilatçılığı ilə beynəlxalq “Qızıl Disk” mükafatlarının təqdimatı keçirilib. SİA xəbər verir ki, mükafatlandırma mərasiminə Azərbaycan və Türkiyə Cümhuriyyətindən tanınmış mədəniyyət və incəsənət xadimləri, iş adamları, müğənnilər, media əməkdaşları təşrif buyurub.
Tədbirin açılışında Azərbaycan və qardaş Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Elçin Axundzadə Azərbaycanın fəth etdiyi zirvələrdə Heydər Əliyevin imzasından, Ümummilli Liderin özünün həyatına verdiyi töhfələrdən danışıb. O, bildirib ki, Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra həyatı tamamən dəyişib və o dönəmdən bəri həyatında hansı uğur əldə edibsə bu məhz Heydər Əliyev sayəsində olub.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. "Qızıl Disk"lə tərtif olunan bütün qonaqlar tək-tək səhnəyə dəvət edilib. Onlar, tədbirin mahiyyətindən, əhəmiyyətindən danışıb, mükafat alanları təbrik ediblər.
Tədbirin əyləncə hissəsi müğənnilərin, musiqi qruplarının maraqlı şouları ilə yadda qalıb.
Sözügedən "Qızıl Disk" mükafatının laureatlarından biri də Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev olub. "Zirvə” islahatlara dəstək mərkəzi İctimai Birliyinin mətbuat xidmətinin rəisi Nüranə Andronova mükafatı təqdim edərkən Bəhruz Quliyevə mətbuat sahəsində göstərdiyi müstəsna xidmətlərə görə dərin təşəkkürünü bildirib.

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə