Sovet döyüşçülərinin qəhrəmanlığı bədii əsərlərdə

Bakıdakı Rus evində Bakı Slavyan Universitetinin dosenti Antonina Tretyakova Böyük Vətən müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş “Böyük Vətən müharibəsi bədii əsərlərdə” mövzusunda mühazirə deyib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın Rusdilli Tədris Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina giriş sözü ilə çıxış edərək, 1941-1945-ci illərdə Sovet İttifaqının alman-faşist işğalçılarına qarşı ən dəhşətli və qanlı mübarizəsinin 1418 gün və gecəsinin bəşəriyyətin yaddaşından heç vaxt silinməyəcəyini bildirib.

Mühazirədə Antonina Tretyakova müharibə iştirakçıları olan şair və yazıçıların ədəbi əsərlərində əks olunan Sovet xalqının qəhrəmanlığı mövzusundan danışıb. Mühazirəçinin çıxışı Bakı Slavyan Universitetinin tələbələrinin R.Rojdestvenski, A.Tvardovski, E.Mejelaytis, K.Simonov, S.Vurğun, S.Rüstəmin şeirləri və Vətən müharibəsinə həsr olunmuş mahnıların yer aldığı çıxışları ilə tamamlanıb.

Tədbirə Bakı Slavyan Universitetinin dosenti, filologiya elmləri namizədi Xuraman Mürsəliyeva “Böyük Vətən müharibəsi şeirlərdə” mövzusunda mühazirəsi ilə yekun vurub.

Sonda Əminət Əhmədova və Dilarə Kərimova musiqi kompozisiyalar ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə