Yaxın gələcəkdə televizora baxan qalacaqmı ?

Bir vaxtlar axşamlar eyni saatda hamı televizorun qarşısına yığışırdı. Xəbərlər başlayanda evdə sükut çökər, serial vaxtı telefonlar kənara qoyulardı. Televizor təkcə bir cihaz deyildi -ailəni birləşdirən vərdiş, gündəlik ritmin mərkəzi idi. İndi isə sual getdikcə daha ucadan səslənir: yaxın gələcəkdə televizora baxan qalacaqmı ?

Bu gün ekranlar kiçilib, amma təsiri artıb. Telefon, planşet, noutbuk-hamısı bir vaxtlar televizora məxsus olan rolu əlindən alıb. İnsan artıq gözləmir, proqram cədvəlinə uyğunlaşmır. İstədiyini istədiyi vaxt izləyir. Bir düymə ilə dünyadakı bütün xəbərlər, filmlər, seriallar, canlı yayımlar cibə sığır. Bu azadlıq televizorun illərlə qurduğu hökmranlığı sarsıdıb.

Televizor isə hələ də köhnə vərdişlərə söykənir. Eyni xəbərlər, eyni simalar, təkrarlanan mövzular… Gənc nəsil üçün bu, artıq cəlbedici deyil. Onlar sürət istəyir, seçim istəyir, interaktivlik istəyir. Televizor danışır, amma dinləmir. Sosial media isə həm danışır, həm cavab verir. Fərq də məhz buradadır.

Bununla belə, televizor tam yox olacaqmı ? Yəqin ki, yox. Böhran anlarında, böyük hadisələr zamanı insanlar hələ də böyük ekrana, canlı yayıma, “rəsmi səsə” üz tutur. Yaşlı nəsil üçün televizor hələ də güvən, vərdiş və təkliyə yoldaşdır. Amma artıq o, evin mərkəzi deyil -kənarda qalan bir səsdir.

Əslində sual televizorun qalması deyil, dəyişə bilib-bilməyəcəyidir. Əgər televiziya dövrün ritmini tuta bilməsə, insanın diqqətini yox, yalnız xatirələrini saxlayacaq. Gələcəkdə televizora baxanlar olacaq, amma əvvəlki kimi hamı yox. Baxanlar vərdişdən baxacaq, seçənlər isə ekranı cibində gəzdirəcək.

Bəlkə də televizor ölmür, sadəcə səssizcə dövrünü başa vurur.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə