ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelanın xam neft ehtiyatlarına uzunmüddətli çıxışı təmin etmək məqsədilə Karakasla razılaşma üzərində işlədiyi bildirilir. Reuters-ə danışan mənbələrə görə, sazişin yaxın zamanda imzalanaraq ictimaiyyətə açıqlanması mümkündür.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, razılaşmanın ABŞ hökumətinə Venesueladakı bir qrup neft yatağının işlənməsini amerikalı şirkətlərə həvalə etmək və hasil olunan neftin ABŞ-a tədarükünü təmin etmək imkanı verəcəyi gözlənilir.
Mənbələrdən birinin sözlərinə görə, tərəflər arasında müzakirələr ən yüksək səviyyədə aparılır. Razılaşmanın hüquqi mexanizmi kimi icarə modeli nəzərdən keçirilir. Daha sonra yataqların ayrı-ayrılıqda ABŞ şirkətlərinə verilməsi üçün hərrac və ya tender keçirilməsi planlaşdırılır.
Danışıqlar çərçivəsində 17 neft yatağı nəzərdən keçirilir. Bunların arasında Orinoko kəmərindəki yeni yataqlar, eləcə də Marakaybo gölü ətrafındakı artıq istismar olunan sahələr var. Yataqların bir hissəsi hazırda Çinin kiçik bir şirkəti tərəfindən idarə olunur.
ABŞ və Venesuela arasında mümkün razılaşma ölkənin qanunvericiliyi baxımından suallar doğura bilər. Çünki mövcud Venesuela qanunlarında neft yataqlarının bu formada icarəyə verilməsi nəzərdə tutulmur. Ölkə Konstitusiyası da neft sənayesinin əsas fəaliyyət sahələrini dövlətin nəzarətində saxlayır. Buna görə də sazişin hüquqi mübahisələrlə üzləşə biləcəyi bildirilir.
Vaşinqton eyni zamanda Venesueladan ABŞ neft emalı zavodlarına sabit xammal tədarükünü təmin etməyə və ölkənin zəifləmiş enerji sektoruna Amerika investisiyalarını cəlb etməyə çalışır. Venesuelanın hazırkı neft hasilatının gündə təxminən 1,25 milyon barrel olduğu qeyd edilir.
ABŞ administrasiyasının bu addımı ölkədə yanacağın bahalaşması fonunda da əhəmiyyət daşıyır. Daha ucuz Venesuela neftinin tədarükünün artırılması ABŞ-da yanacaq qiymətlərinin aşağı salınmasına və ölkənin Strateji Neft Ehtiyatlarının yenidən doldurulmasına kömək edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB