Nepal və Tibetdə daşqınların qurbanlarının sayı 470-i keçib – təbii gölün yarılması təhlükəsi var
Himalay dağlarının Nepal və Tibet ərazilərində baş verən dağıdıcı sel və daşqınlar nəticəsində ölənlərin sayı 470-i keçib. Xilasetmə işləri davam etsə də, Nepal-Çin sərhədində yaranan yeni təbii gölün yarılma təhlükəsi vəziyyəti daha da ağırlaşdırıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə Nepalın Baş nazirinin ofisinin məlumatına görə, ölkədə 469 nəfərin öldüyü, 977 nəfərin isə itkin düşdüyü təsdiqlənib. Çinin Tibet bölgəsində isə ən azı 3 nəfər həyatını itirib, 558 nəfər itkin düşüb. Nepal rəsmiləri itkin düşənlərdən 644-nün xarici vətəndaş olduğunu bildiriblər. Təxminən 1 550 nəfər xilas edilib.
Fəlakət çərşənbə günü buzlaqın çökməsi nəticəsində baş verib. Böyük həcmdə buz, su, qaya və palçıq Himalay vadilərinə doğru hərəkət edərək yaşayış məntəqələrini basıb, yolları, körpüləri və hidroelektrik stansiyaları dağıdıb.
Nepal Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin rəhbəri Bişal Nat Upreti bildirib ki, fəlakət bölgəsində vəziyyət son dərəcə ağırdır. Onun sözlərinə görə, təxminən 42 kilometr yol tamamilə sıradan çıxıb və xilasetmə qrupları əraziyə yalnız helikopterlərlə çata bilir.
Məlumata görə, təxminən 800 nəfər helikopterlə, 700 nəfər isə quru yolu ilə xilas edilib. Sağ qalanlara yardım hava yolu ilə çatdırılır. Fəlakət bölgəsində qalan insanlar artıq 72 saatdan çoxdur ki, sığınacaq və ərzaq gözləyirlər.
Çin təxminən 500 hərbçi və hərbiləşdirilmiş qüvvə bölgəyə göndərib. Nepal isə ucqar vadilərdə axtarış-xilasetmə əməliyyatlarına 30 min təhlükəsizlik əməkdaşı cəlb edib.
-Yeni təhlükə – təbii göl yarılıb daşqın törədə bilər
Xilasetmə əməliyyatlarını çətinləşdirən əsas amillərdən biri Nepal və Çin sərhədində yaranmış təbii su gölüdür. Güclü yağış və torpaq sürüşmələri nəticəsində çayın qarşısının təbii bəndlə bağlanması ilə yaranan gölün qeyri-sabit olduğu və istənilən an yarıla biləcəyi bildirilir.
Çin rəsmilərinin məlumatına görə, göldə hazırda təxminən 2 milyon kubmetr su var. Növbəti üç gün ərzində gölə daha 3 milyon kubmetr suyun daxil olacağı gözlənilir. Bu isə yeni və daha güclü daşqın təhlükəsi yaradır.
Sərhəddə yerləşən Gyirong keçidinə çatmağa çalışan xilasetmə və hərbi qrupların fəaliyyəti də torpaq sürüşməsi təhlükəsinə görə müvəqqəti dayandırılıb. Ərazidə bəzi binaların 1,5 metr dərinliyində palçıq altında qaldığı bildirilir.
Hazırda xilasedicilər həm sağ qalanları tapmağa, həm də yeni daşqın və torpaq sürüşmələri baş verməzdən əvvəl itkinlərin axtarışını başa çatdırmağa çalışırlar.
-Nepal beynəlxalq yardım məsələsində ehtiyatlı davranır
Nepal Xarici İşlər Nazirliyi ölkənin hazırda axtarış-xilasetmə işləri üçün beynəlxalq yardıma ehtiyac duymadığını açıqlayıb. Nazirliyin sözçüsü bildirib ki, əməliyyatları ölkənin təhlükəsizlik qüvvələri həyata keçirir.
Bununla belə, Nepal digər formalarda, o cümlədən maliyyə yardımı göstərilməsi ilə bağlı təklifləri nəzərdən keçirir.
Paytaxt Katmanduda isə yüzlərlə insan itkin düşən yaxınları barədə məlumat almaq üçün xəstəxanalara müraciət edir. Fəlakət bölgəsində vəziyyətin getdikcə ağırlaşması səbəbindən itkinlərin sayının daha da artacağı ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB