Haitidə silahlı dəstə hücumu: ən azı 47 nəfər öldürülüb, 50-dən çox insan girov götürülüb

Haitidə silahlı dəstə hücumu: ən azı 47 nəfər öldürülüb, 50-dən çox insan girov götürülüb

Haitinin paytaxtı Port-o-Prens yaxınlığındakı Kenskoff yaşayış məntəqəsində silahlı dəstələrin həyata keçirdiyi hücum nəticəsində ən azı 47 nəfər öldürülüb, 50-dən çox insan isə qaçırılaraq girov götürülüb. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, ölənlər arasında ən azı beş uşaq da var.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə həftəsonu baş verib. Silahlı şəxslər Kenskoff ərazisinə daxil olaraq yaşayış evlərini yandırıb və sakinlərə hücum ediblər. Yerli hakimiyyətin məlumatına görə, təxminən 25 ev dəstələr tərəfindən yandırılıb.

Hücumdan sonra silahlı qruplaşmanın liderlərindən biri girovların öldürüləcəyi ilə hədələyib. O, Haiti Milli Polisinin rəhbəri Vladimir Paraisona müraciət edərək dəstələrə qarşı pilotsuz uçuş aparatlarından istifadə edilməməsini tələb edib. Dəstə lideri bildirib ki, əməliyyatlar zamanı onun adamlarından hər hansı biri öldürülərsə, girovlar da öldürüləcək.

Haitidə fəaliyyət göstərən təhlükəsizlik üzrə ekspert Romain Le Cour hesab edir ki, hücum həm hökumət, həm polis, həm də ölkədə dəstələrə qarşı mübarizə aparan beynəlxalq missiya üçün ciddi sınaqdır. Onun sözlərinə görə, silahlı qruplaşmaların məqsədi təhlükəsizlik qüvvələrinin onsuz da məhdud olan resurslarını müxtəlif istiqamətlərə bölmək ola bilər.

Ekspert həmçinin hesab edir ki, hücum Haiti hökumətinə və polisə verilən siyasi mesajdır. Dəstələr bununla istənilən vaxt istənilən əraziyə hücum edə bildiklərini nümayiş etdirməyə çalışırlar.

Kenskoff ərazisinə ilk böyük hücum 2025-ci ilin yanvarında baş vermişdi. Bundan sonra şəhəri əhatə edən dağlıq ərazilərdə vaxtaşırı silahlı hücumlar qeydə alınıb. Son hücum isə indiyədək ən böyük hücum kimi qiymətləndirilir.

Kenskoff meri Jan Massiyon bildirib ki, ölənlər arasında iki dövlət qulluqçusu da var. Onlardan biri merin mühafizəçisi işləyən əmisi oğlu olub.

Hücumun məsuliyyətini Haitidə güclü silahlı qruplaşmalar koalisiyası olan Viv Ansanm üzvlərinin daşıdığı bildirilir. ABŞ daha əvvəl bu koalisiyanı xarici terror təşkilatı kimi tanıyıb.

Haitidə uzun müddətdir davam edən silahlı dəstə zorakılığı ölkədə ciddi humanitar böhrana səbəb olub. Silahlı qruplaşmaların Port-o-Prensin təxminən 70 faizinə və ölkənin mərkəzi hissəsindəki geniş ərazilərə nəzarət etdiyi bildirilir.

BMT-nin məlumatına görə, Haitidə zorakılıq nəticəsində ölkə üzrə rekord sayda — təxminən 1,5 milyon insan evindən didərgin düşüb. 2026-cı ilin yanvar-iyun aylarında isə ölkədə 3 050-dən çox insan öldürülüb, 1 400 nəfər yaralanıb.

Kenskoff hücumu Haitidə təhlükəsizlik vəziyyətinin yaxşılaşdığına dair ümidlərin də ciddi şəkildə sarsıldığını göstərir. Ölkənin dekabrın 13-də, on ildən artıq müddətdə ilk dəfə ümumi seçkilərə hazırlaşdığı bir vaxtda baş verən hücum hökumətin təhlükəsizlik sahəsində imkanları ilə bağlı yeni suallar yaradıb.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə