Yeni Zelandiya 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrdən istifadəni qadağan edəcək
Yeni Zelandiyanın Baş naziri Kristofer Laksonun rəhbərlik etdiyi Milli Partiya parlamentə 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Qanun pozulduğu halda sosial media platformaları qlobal gəlirlərinin 10 faizədək məbləğində cərimələnə bilər.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qanun layihəsinə əsasən, sosial media platformaları istifadəçilərin yaşını yoxlamaq üçün mövcud hesab məlumatlarından, üz tanıma texnologiyasından və rəqəmsal şəxsiyyət sənədlərindən istifadə etmək də daxil olmaqla, müvafiq tədbirlər görməli olacaq.
Lakson bildirib ki, Yeni Zelandiya uşaqlarının sosial şəbəkələrdən zərər görməsinə göz yummamaq lazımdır. Onun sözlərinə görə, sosial media uşaqları zərərli məzmun, asılılıq yaradan texnologiyalar və onların öhdəsindən gəlməkdə çətinlik çəkdiyi təzyiqlərlə üz-üzə qoyur. Bu vəziyyət onların ailə həyatına, psixi sağlamlığına, yuxusuna və təhsilinə mənfi təsir göstərir.
Qanun layihəsinin parlamentdə qəbul olunması isə hələlik sual altındadır. Laksonun koalisiya tərəfdaşlarından biri olan Yeni Zelandiya Birinci Partiyası sənədi dəstəkləməyəcəyini açıqlayıb. Partiyanın lideri və xarici işlər naziri Uinston Piters belə qanunların ölkəni təhlükəli istiqamətə apara biləcəyindən narahat olduğunu bildirib.
Avstraliya ötən ilin dekabrında 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən dünyada ilk ölkə olub. Qadağa TikTok, YouTube, Instagram və Facebook kimi platformaları əhatə edir. Piters isə Avstraliyadakı qanunvericiliyi “böyük uğursuzluq” adlandıraraq, uşaqların sosial şəbəkələrdən uzaq tutulmasının ilk növbədə valideynlərin məsuliyyəti olduğunu deyib.
Lakson isə qadağanın tam şəkildə həyata keçirilməsinin asan olmayacağını etiraf edib. O bildirib ki, bütün uşaqların sosial şəbəkələrdən istifadəsinin qarşısını almaq mümkün olmaya bilər, lakin bununla bağlı tədbir görmək kifayət qədər vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB