Tramp Kanadadan avtomobil idxalına 50 faizlik yeni gömrük rüsumu tətbiq edəcək

Tramp Kanadadan avtomobil idxalına 50 faizlik yeni gömrük rüsumu tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp yanvarın 1-dən etibarən Kanadadan idxal olunan avtomobillərə və polad məhsullarına tətbiq edilən gömrük rüsumlarının ikiqat artırılaraq 50 faizə çatdırılacağını açıqlayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp ötən həftə gömrük rüsumları ilə bağlı danışıqların uğursuz nəticələnməsindən sonra Ottavaya təzyiq göstərmək məqsədilə Kanadadan idxal olunan avtomobil və yük maşınlarına tətbiq edilən rüsumları ikiqat artıracağını, 2027-ci ildən isə avtomobil hissələrinə də gömrük rüsumu tətbiq olunacağını bildirib.

Tramp bazar ertəsi Kanada avtomobil və polad məhsullarına tətbiq edilən gömrük rüsumlarının yanvarın 1-dən ikiqat artırılaraq 50 faizə yüksəldiləcəyini deyib. Bu rüsumların iki ölkə arasında ticarət danışıqlarının nəticəsiz qalmasından sonra şənbə günü tətbiq edilən 50 faizlik tariflərə əlavə olunacağı bildirilib.

Lakin polad məhsullarına tətbiq edilən rüsum artıq 50 faiz olduğundan, Trampın bu açıqlama ilə konkret olaraq nəyi nəzərdə tutduğu aydın deyil. Bundan əlavə, əvvəllər rüsum tətbiq olunmayan avtomobil hissələrinə də 50 faizlik gömrük rüsumunun tətbiq ediləcəyi açıqlanıb.

Tramp “Truth Social” platformasında yazıb: “ABŞ-da istehsal edin və SIFIR GÖMRÜK RÜSUMU ödəyin. Kanada artıq bir ştat kimi rəftar görməyəcək!”

O, həmçinin Kanadanı ticarət məsələsində dünyanın ən pis ölkələri sırasında olmaqda ittiham edərək, ABŞ-ın Kanadaya ehtiyacı olmadığını, əksinə, Kanadanın ABŞ-a ehtiyac duyduğunu bildirib.

ABŞ-ın maliyyə naziri Skott Bessent bazar ertəsi jurnalistlərə açıqlamasında Trampın Kanadanın danışıqlar masasına qayıtmasını və xoş niyyətlə müzakirələr aparmasını istədiyini deyib.

Kanadanın xarici işlər naziri isə altı yeni buzqıran gəminin tikintisinə investisiyanın elan edildiyi brifinqdə bildirib ki, ABŞ tərəfi Kanada avtomobil sənayesinə düzgün yanaşma və real tərəfdaşlıq anlayışı ilə danışıqlar masasına əyləşdiyi zaman Kanada da danışıqlara hazır olacaq.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə